Bu gün bizneslərin, təşkilatların və hətta fərdi şəxslərin qarşılaşdığı problemlər getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. İdarəetmədən maliyyəyə, marketinqdən hüquqa qədər müxtəlif sahələrdə düzgün qərar vermək üçün dərin bilik və təcrübə tələb olunur.
Məhz bu ehtiyacdan doğan və son illərdə dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan bir anlayış meydana çıxıb. Bunun adı konsaltinq xidmətləridir.
Bu xidmətlər, təşkilatlara və şəxslərə qarşılaşdıqları çətinlikləri aşmaq, inkişaf yolları tapmaq və daha uğurlu nəticələr əldə etmək üçün peşəkar dəstək təklif edir.
Valyuta.az konsaltinq xidmətləri, sahələri, məqsədi haqqında məlumatları təqdim edir:
Konsaltinq müəyyən bir sahədə ixtisaslaşmış mütəxəssislərin və ya konsaltinq şirkətlərinin fərdlərə və təşkilatlara məsləhət verməsi, problemləri təhlil etməsi və praktiki həllər təklif etməsi prosesidir. Konsaltinq xidmətləri əsasən strateji planlaşdırma, daxili proseslərin optimallaşdırılması, xərclərin azaldılması, gəlirlərin artırılması və innovasiyaların tətbiqi kimi məqsədlərlə həyata keçirilir.
Konsaltinq xidmətləri müxtəlif istiqamətləri əhatə edir.
Ən çox yayılmış sahələr bunlardır:
Biznes konsaltinqi şirkətin idarəetmə sisteminin təkmilləşdirilməsi, strukturlaşdırma, effektiv qərar qəbuletməsidir.
Maliyyə konsaltinqi büdcə planlaması, maliyyə axınlarının analizi, risklərin idarə olunmasıdır.
Marketinq və satış konsaltinqi brend strategiyası, müştəri bazasının artırılması, reklam kampaniyalarıdır.
İT konsaltinqi rəqəmsal texnologiyaların seçimi, sistem inteqrasiyası, kibertəhlükəsizlik həlləridir.
İnsan resursları (HR) konsaltinqi kadrların idarə edilməsi, işçi motivasiyası, əmək münasibətləridir.
Hüquqi konsaltinq müqavilələrin hazırlanması, hüquqi uyğunluq, korporativ hüquq məsələləridir.
Təhsil və karyera konsaltinqi şəxsi inkişaf, karyera planlaması, xaricdə təhsil və seçim istiqamətləridir.
Konsaltinqin bir çox əhəmiyyət və faydaları var.
Konsaltinq xidmətlərinin əsas üstünlüyü obyektiv və peşəkar baxış bucağı ilə təşkilatın və ya fərdin vəziyyətini dəyərləndirməkdir. Bəzi hallarda daxildən görünməyən problemlər məhz bu xidmət sayəsində aşkara çıxarılır. Faydalarından danışarkən isə daha səmərəli qərarlar verilməsini, vaxt və resurs itkisinin qarşısının alınmasını, risklərin erkən mərhələdə müəyyən edilməsini, rəqabət üstünlüyünü, strateji baxış formalaşdırmasını nümunə göstərmə olar.
Konsaltinq xidmətindən yeni biznesə başlayan sahibkarlar, mövcud fəaliyyətində durğunluq yaşayan şirkətlər, dövlət və qeyri-hökumət təşkilatları, startaplar və fərdi sahibkarlar, xarici bazarlara çıxmaq istəyən şirkətlər, öz inkişaf yolunu planlamaqda çətinlik çəkən şəxslər yararlana bilər.
Konsaltinq xidmətləri sadəcə məsləhət verməkdən ibarət deyil, bu, təşkilat və ya fərdin inkişafına yönəlik təhlil, strateji yanaşma və təcrübəyə əsaslanan həll yolları təqdim etməkdir. Qlobal iqtisadiyyatda sürətlə dəyişən trendlərə ayaq uydurmaq, rəqabətdə önə keçmək və davamlı inkişaf üçün konsaltinq xidmətləri əvəzolunmaz dəstək rolunu oynayır. Peşəkar məsləhətlə daha doğru qərar vermək, daha effektiv işləmək mümkündür.
Günay