AZ

"Xərçəngi hədəfə alan universal peyvənd yaradılıb" - ABŞ alimlərindən ümidverici kəşf

"Əgər peyvənd kliniki sınaqlarda da özünü uğurla göstərsə, bu, cərrahiyyə, kimyaterapiya və radioterapiyaya ehtiyacı aradan qaldıra biləcək..."
 
Florida Universitetinin alimləri xərçənglə mübarizədə inqilabi addım atıb. Onlar COVID-19 peyvəndlərinə bənzər texnologiyadan istifadə edərək eksperimental mRNT peyvəndi hazırlayıb.
 
Moderator.az xəbər verir ki, təqiqatın nəticələri "Nature Biomedical Engineering" jurnalında dərc olunub. Məlumatı "hightech.plus" nəşri yayıb. 
 
Qeyd edikir ki, bu peyvənd bir konkret şişi deyil, orqanizmin bütövlükdə immun reaksiyasını gücləndirməklə müxtəlif növ xərçəng hüceyrələrinə qarşı mübarizə aparmağa kömək edir. Yeni peyvənd immun sistemini virus infeksiyası baş vermiş kimi həyəcanlandırır. Nəticədə bədxassəli şişlər artıq gizlənə bilmir, sanki qaranlıq otaqda güclü işıq yandırılır - şiş hüceyrələri ifşa olunur və immun sistemin hədəfinə çevrilir.
 
Şişlərin hətta əlavə müalicəsiz tam məhvi mümkündür
 
Professor Elias Sayurun rəhbərlik etdiyi tədqiqat qrupu vaksinlə yanaşı geniş yayılmış PD-1 inhibitorları kimi immunoterapiya vasitələrindən də istifadə edərək gözlənilməz nəticələr əldə edib: daha əvvəl müalicəyə cavab verməyən şişlər ya kiçilib, ya da tam yox olub. Bəzi hallarda, məsələn, beyin xərçəngi və melanomada vaksin təkbaşına belə yüksək effekt göstərib. Bunun əsas səbəbi PD-L1 adlı zülalın səviyyəsinin süni şəkildə artırılmasıdır - bu zülal şişi immun sistem üçün daha tanınan və zəif hala gətirir.
 
Xərçəngə qarşı universal yanaşma
 
Əvvəlki mRNT peyvəndləri fərdi, məsələn, xəstənin öz şiş hüceyrələrindən hazırlanırdı. Yeni yanaşmanın əsas üstünlüyü onun universallığıdır: peyvənd konkret bir şişə deyil, ümumilikdə immun sistemin xərçəngə qarşı reaksiya verməsinə yönəlib. Bu isə onun kütləvi və daha əlçatan müalicə üsuluna çevrilmə potensialını artırır.
 
Tədqiqatın nəticələri "Nature Biomedical Engineering" jurnalında dərc olunub. Elmi ictimaiyyət və biotexnoloji sahə bu yeniliyi böyük maraqla qarşılayıb. Əgər peyvənd kliniki sınaqlarda da özünü uğurla göstərsə, bu, cərrahiyyə, kimyaterapiya və radioterapiyaya ehtiyacı aradan qaldıra biləcək alternativ bir yol ola bilər.
 
Növbəti addım: İnsanlar üzərində sınaqlar
 
Alimlər artıq peyvənd formulasının təkmilləşdirilməsi üzərində çalışır və yaxın aylarda insanlar üzərində klinik sınaqlara başlamağı planlaşdırır. Onların məqsədi xərçəngə qarşı vahid, təhlükəsiz və effektiv immun cavab formalaşdıran peyvəndi tibbin ixtiyarına verməkdir.
 
Professor Sayurun sözləri ilə desək, "biz gözlənilməz, amma çox ümidverici bir nəticə əldə etdik - görünür, ümumi immun aktivləşdirmə ilə bir çox xərçəng formalarının inkişafını əngəlləmək mümkündür". Bu, bəlkə də xərçəngin universal peyvənd vasitəsilə müalicəsinə aparan yolun başlanğıcıdır.
Seçilən
115
moderator.az

1Mənbələr