Berlin, 23 iyul, AZƏRTAC
Almaniya Ukraynaya iki “Patriot” hava hücumundan müdafiə sistemi verməyə hazırdır. Lakin bu, həmin sistemlərin tez bir zamanda yenidən əvəz olunması şərti ilə mümkündür.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Mövcud sistemlərimizdən ikisini verə bilərik, amma yalnız o halda ki, onları təxminən 6-8 ay ərzində etibarlı şəkildə yenidən əldə edəcəyimizə dair zəmanət olsun”, - deyə nazir qeyd edib.
Bu mövqeni Bundesverin döyüş və təlim qabiliyyətinin qorunması ilə əsaslandıran B.Pistorius Almaniyanın iki sistemi maliyyələşdirməyə hazır olduğunu, Norveçin və daha bir ölkənin də maliyyə dəstəyi göstərməyə razılıq verdiyini qeyd edib: “Bu, ümidsiz məsələ deyil, amma bunun üçün həmin sistemlərə sahib ölkələr onları dərhal verməyə razı olmalıdır ki, digərləri onları maliyyələşdirə bilsin və sistemlər Ukraynaya göndərilsin”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin