22 iyul 2025-ci il axşam saatlarında Ukrayna ordusunun “Mirage-2000” qırıcısı qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, uçuş missiyası zamanı təyyarədə nasazlıq yaranıb. Pilot problem barədə uçuş direktoruna məlumat verib.
"Sonra o, böhranlı vəziyyətlərdə tələb olunduğu kimi səriştəli hərəkət edərək uğurla katapult edib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, vəziyyəti stabildir. Heç bir itki yoxdur", - məlumatda deyilir.
Hadisənin səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, bu, Ukraynada Fransanın “Mirage-2000” qırıcısının qəzaya uğraması ilə bağlı ilk məlum hadisədir.