AZ

Quraqlıqdan ən çox onlar əziyyət çəkirlər

İqlim dəyişikliyi və artan torpaq-su yüklənməsi səbəbindən 2023-cü ildən etibarən müşahidələr tarixində ən genişmiqyaslı və dağıdıcı quraqlıqlar baş verir.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin dəstəyi ilə hazırlanmış yeni hesabatda qeyd olunur. “Dünyada quraqlıq ocaqları, 2023–2025-ci illər” adlı sənəd quraqlığın yoxsulluğu, aclığı, enerji dayanıqsızlığını və ekosistemlərin deqradasiyasını necə sürətləndirdiyini əhatəli təhlil edir.

“Quraqlıq – səssiz qatildir. O, sezilmədən yaxınlaşır, resursları tükədir və həyatları yavaş templə dağıdır. Onun izləri uzun müddət qalır”, – deyə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası Katibliyinin rəhbəri İbrahim Tiahu bildirib.

Quraqlıq ocaqları

Sənəd ABŞ-ın Quraqlığın Təsirlərinin Azaldılması üzrə Milli Mərkəzi və BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası Katibliyi tərəfindən, Quraqlığa Davamlılıq üzrə Beynəlxalq Alyansın dəstəyi ilə hazırlanıb. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) alyansın fəal tərəfdaşıdır. ÜMT uzun illərdir ki, artıq yaranmış böhrana reaksiya vermək əvəzinə, quraqlıqla mübarizə üçün qabaqlayıcı tədbirlərin görülməsinə çağırır.

Hesabat yüzlərlə rəsmi mənbə, elmi nəşrlər və KİV-in məlumatlarını ümumiləşdirərək, quraqlıqdan ən çox zərər çəkmiş bölgələri müəyyənləşdirir.

Afrika

Şərqi və Cənubi Afrikada 90 milyondan çox insan ciddi ərzaq çatışmazlığı ilə üzləşib. Bəzi bölgələrdə müşahidə tarixində ən ağır quraqlıqlar baş verir. Efiopiya, Zimbabve, Zambiya və Malavidə qarğıdalı və buğda məhsulları məhv olur. Təkcə Zimbabvedə 2024-cü ildə qarğıdalı məhsulu əvvəlki illə müqayisədə 70 faiz azalıb, 9 min baş mal-qara susuzluq və aclıqdan tələf olub.

Somalidə hökumətin qiymətləndirməsinə görə, 2022-ci ildə quraqlığın yaratdığı aclıq səbəbindən 43 min nəfər həyatını itirib. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin 25 faizi, yəni 4,4 milyon nəfər ərzaq əldə etməkdə çətinlik çəkir.

Zambiyada dünyanın ən kəskin enerji böhranlarından biri yaşanır. 2024-cü ilin aprelində Zambezi çayında su səviyyəsi orta göstəricinin cəmi 20 faizi həddində olub.

Aralıq dənizi hövzəsi

İspaniyada quraqlıq kənd təsərrüfatına, turizmə və su təchizatına təsir göstərib. 2023-cü ilin sentyabrına qədər iki illik quraqlıq və rekord isti səbəbindən zeytun məhsulu 50 faiz azalıb. Nəticədə zeytun yağının qiyməti iki dəfə artıb.

Mərakeşdə 2025-ci ildə qoyunların sayı 2016-cı illə müqayisədə 38 faiz azalıb. Bununla əlaqədar kral ənənəvi qurban mərasimlərinin ləğvinə çağırıb.

Türkiyədə quraqlıq yeraltı suların tükənməsini sürətləndirib, bu isə əhaliyə və infrastruktura təhlükə yaradan çökmələrə səbəb olub.

Latın Amerikası

Amazon hövzəsində 2023 və 2024-cü illərdə çaylarda suyun rekord aşağı səviyyəsi balıqların və nadir delfin növlərinin kütləvi şəkildə tələf olmasına gətirib çıxarıb. Yüz minlərlə sakinin su təchizatı və nəqliyyat marşrutları pozulub.

Meşələrin qırılması və yanğınlar fonunda Amazoniyanın karbon udan bölgədən karbon buraxan mənbəyə çevrilməsi riski artır.

Seçilən
116
3
publika.az

4Mənbələr