AZ

Elektron ticarətdə ciddi artım müşahidə olunur

Pandemiyadan sonra Azərbaycanda iqtisadi transformasiyanı sürətləndirir

Nağdsız dövriyyənin artımı bankların likvidliyini kritik səviyyədə gücləndirir

Azərbaycanda və dünyada onlayn ticarət sahəsinin fəal genişlənməsi proqnozlaşdırılır. Bu barədə “Visa” şirkətinin Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıqlar, fintex və birgə layihələr departamentinin rəhbəri, baş direktor Yevgeni Lesnyak Trend-ə açıqlamasında deyib. 

“Bu sahənin sürətlə inkişaf etməsinə təsir edən əsas amillərdən biri COVID-19 pandemiyası oldu. Hərəkət məhdudiyyətləri və özünütəcrid şəraitində uzaqdan xidmətlərə və onlayn alış-verişə tələbat kəskin artdı”, – deyə o bildirib. Yevgeni Lesnyak əlavə edib ki, hazırda qlobal elektron ticarət bazarının həcmi bəzi hesablamalara görə 6–7 trilyon ABŞ dolları təşkil edir və bu sahənin ümumdünya ticarətindəki payı təxminən 20 faizdir. Onun sözlərinə görə, bu sahədə illik artım 8–9 faiz təşkil edir və 2030-cu ilədək bu göstərici 9–10 trilyon dollara çata bilər. O həmçinin vurğulayıb ki, artıq bu sahədə lider ölkələr fərqlənir: məsələn, Böyük Britaniya və Çində elektron ticarətin payı pərakəndə satış dövriyyəsinin üçdə birindən çoxunu təşkil edir. Mərkəzi Asiya regionunda, o cümlədən Azərbaycanda isə bu göstəricilər hələlik dünya orta göstəricilərindən geri qalır, lakin artım potensialı yüksək olaraq qalır. “Hər il Azərbaycanda elektron ticarətdə sabit ikirəqəmli artım müşahidə edirik. Yeni rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və inkişafı üçün əlverişli mühit formalaşıb”, – deyə "Visa" nümayəndəsi bildirib. Qlobal elektron ticarət trendlərinə toxunan "Visa" nümayəndəsi qeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri süni intellekt texnologiyasıdır. Bu texnologiya prosesləri avtomatlaşdırmağa və fərdiləşdirilmiş həllər təqdim etməyə imkan verir. “Visa” nümayəndəsi vurğulayıb ki, süni intellekt texnologiyaları həm biznes, həm də istehlakçılar üçün ciddi üstünlüklər yaradır. O, həmçinin vurğulayıb ki, süni intellekt texnologiyaları şirkətlərin fəaliyyətini bütün səviyyələrdə transformasiya edə bilər. O, həmçinin “sürətli ticarət” modelini də vacib trend kimi vurğulayıb. Bu modeldə məhsulun çatdırılma sürəti kritik əhəmiyyət daşıyır. “Çox zaman uzun gözləmə alıcını alışdan çəkindirir. Bir neçə gün gözləmək istəməyən istehlakçılar mağazaya gedib məhsulu dərhal almağa üstünlük verirlər. Buna görə də sürətlə inkişaf edən ekspress çatdırılma xidmətləri və süni intellekt əsaslı logistika texnologiyalarına tələbat artır. Artıq bəzi ölkələrdə dronla çatdırılma test olunur”, – deyə o bildirib. "Visa" nümayəndəsi qeyd edib ki, logistika Azərbaycanda da elektron ticarətin inkişafına maneə yaradan amillərdən biridir, çünki bölgələrə çatdırılma bəzən çox vaxt aparır. Bu kontekstdə o, “Onlayn Azərbaycan” dövlət layihəsini xatırladıb, bu layihənin məqsədi ölkənin ən ucqar bölgələrində belə internetə çıxışı təmin etməkdir. “İnternet infrastrukturu rəqəmsal iqtisadiyyat və onlayn xidmətlərin əsasıdır. Mənim bildiyimə görə, bu proqram uğurla həyata keçirilir və yaxın vaxtlarda biz onun real nəticələrini görəcəyik, bu da Azərbaycanda elektron ticarətin inkişafına güclü təkan verəcək”, – deyə Yevgeni Lesnyak yekunlaşdırıb. 

Elektron ticarəti artıran səbəblər barədə danışan "Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, son illərdə elektron ticarət üzrə istər dövriyyədə, istərsə də əməliyyatların sayında ciddi artım müşahidə olunur. Ölkəmizdə elektron ticarətin sürətlə artmasına təsir edən amillər mövcuddur. Bunlar "Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi proqramın məqsəd və vəzifələrindəndir: 

- Bu da vətəndaşların elektron ticarət imkanlarına əlçatanlığının təmin olunmasında ciddi rol oynayır. Elektron ticarətin böyüməsinə əsas təkanverici amillərdən biri COVID-19 pandemiyası olub. Qapanmalar insanları və biznesləri elektron ticarətdən istifadəyə məcbur etdi. Elektron ticarət hər kəs üçün daha sərfəlidir. Elektron ticarət müəyyən xərclərdən - icarə haqqı, kommunal xidmətlər, mühafizə və təmizliyə görə ödənişlərdən azaddır. Düzdür, elektron ticarət platformalarının saxlanması üçün də resurs tələb olunur, lakin bu, ənənəvi ticarətdə olduğu qədər deyil. İstehsalçı elektron ticarəti seçməklə xərclərə qənaət edir. Bu da məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir. Elektron ticarət müxtəlif məhsullar üzrə araşdırma və müqayisəli təhlillərin aparılması üçün rahat mühit təqdim edir. Elektron ticarətdə qısa müddət ərzində müxtəlif təchizatçıların təkliflərini araşdırıb ona uyğun qərar vermək olur. Statistika da göstərir ki, əhalinin böyük qismi bir məhsulu almamışdan öncə ilkin araşdırmanı müxtəlif internet platformaları üzərindən həyata keçirir. Elektron ticarət nağdsız dövriyyənin əsas stimuludur. Nağdsız dövriyyənin genişlənməsi bankların likvidlik səviyyəsinin qorunmasında ciddi əhəmiyyətə malikdir. Banklar tərəfindən nağdsız ticarət əməliyyatlarının aparılması qarşılığında müxtəlif bonus mexanizmləri bazara təqdim olundu. Bu da dövriyyənin artmasına ciddi təkan verir.
Seçilən
27
sherg.az

1Mənbələr