Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və dələduzluqda təqsirləndirilən Murad Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Murad Fərəcov 2023-cü ildə kuryer qismində fəaliyyət göstərərkən sifariş əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 30A ünvanında yerləşən “İphone” telefon mağazasındakı “Bakcell” rəsmi dillerində satış mütəxəssisi işləyən şəxsdən çatdırmaq üçün 1 ədəd 1530 manat dəyərində “İphone 13 128 GB” markalı mobil telefonu götürüb. Sonra o, telefonu həmin ünvana çatdırmayaraq ələ keçirərək dələduzluq edib.
Bundan başqa, Murad Fərəcov 12 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində Yasamal rayonu, A.Şaiq küçəsi 120 ünvanda yerləşən “Dönər Kabab” kafesinin giriş qapısının qarşısında tanışı, zərərçəkmiş Namiq Bəşirli (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ona 1 ədəd 15 manat dəyərində mobil telefon qulaqcıqlarının pulunun qalığını verməsi istəməsi olub. Sonra o, kafedən götürdüyü dəmir şişlə zərərçəkmişin əl nahiyəsindən vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Murad Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov