Dünyada bərpa olunan enerji mənbələrinə keçid "dönüş nöqtəsinə" çatıb, günəş və külək enerjisi kimi mənbələr getdikcə daha ucuz olacaq və geniş yayılacaq.
"Report"un məlumatına görə, bu barədə BMT-nin yeni hesabatında deyilir.
BMT-nin bir neçə agentliyi tərəfindən hazırlanmış hesabata əsasən, 2024-cü ildə dünyada elektrik enerjisi istehsalının artımının 74%-i günəş, külək və digər ekoloji təmiz mənbələrin payına düşüb. Eyni zamanda, ötən il quraşdırılmış yeni gücün 92,5%-i məhz bərpa olunan mənbələr tərəfindən təmin edilib.
Elektromobillərin satışında da əhəmiyyətli artım qeydə alınıb - 2015-ci ildəki 500 min ədəddən 2024-cü ildə 17 milyondan çox ədədə qədər.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına görə, 2024-cü ildə dünyanın ən ucuz elektrik enerjisi mənbələri bunlar olub: külək enerjisi, günəş panelləri və hidroenergetika.
"Yanacaqların dövrü sona çatır", - deyə BMT baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, ötən il yaşıl enerjiyə investisiyalar 2 trilyon dollar təşkil edib.
Bununla belə, bərpa olunan enerji sektorunun sürətli artımına baxmayaraq, yanacaq hələ də dövlət subsidiyalarından təxminən 9 dəfə çox faydalanır.