AZ

Məhkəmə yol qəzasında sərnişinin ölümünə səbəb olan şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Rövşən Sayadovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti və dövlət ittihamçısının isə kassasiya protesti təmin edilməyib.

 

İttihama görə, hadisə 13 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Rövşən Sayadov idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Sonra o, maşını yolun sağ kənarındakı işıq dirəyinə vurub. Nəticədə ehtiyatsızlıqdan avtomobilin sərnişini, zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) aldığı ağır zərər bədən xəsarətlərindən ölüb.

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Rövşən Sayadov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 23 İyul 2025, 08:30   
Seçilən
147
pravda.az

1Mənbələr