Sea Breeze

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Aşağı Əylis və Yuxarı Əylis kənd sakinlərinin müraciətləri dinlənilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

İcra başçısı çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı uğurlar barədə ətraflı məlumat verib. Həmçinin 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində əldə edilən qələbələrin Azərbaycanın hərbi-siyasi mövqeyini daha da gücləndirdiyini qeyd edib. Bildirib ki, bu uğurlar dünya ictimaiyyətində ölkəmizə olan etimadı artırıb. Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi uğurla davam etdirilir.

Prezident İlham Əliyevin Xankəndi şəhərində keçirilmiş III Şuşa Qlobal Media Forumundakı nitqinə də toxunan icra başçısı bildirib ki, dövlət başçısının çıxışı Azərbaycanın milli maraqlarına əsaslanan qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Ölkə rəhbərinin həyata keçirdiyi ardıcıl daxili və xarici siyasət, beynəlxalq münasibətlər sistemində ölkəmizin maraqlarının qətiyyətlə müdafiə olunması Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirib. Xüsusilə vurğulanıb ki, Zəngəzur dəhlizi ilə bağlı ifadə edilən mövqe ölkəmizin strateji niyyətlərini ortaya qoyur və bu dəhlizin potensialı ilkin mərhələdə 15 milyon ton yük daşıma səviyyəsində qiymətləndirilir.

İcra başçısı “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhəmiyyətindən də bəhs edib. Qeyd olunub ki, proqramın həyata keçirilməsi muxtar respublikanın, o cümlədən Ordubad rayonunun sosial-iqtisadi həyatının canlanmasına mühüm töhfə verəcəkdir. Bu çərçivədə mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun bərpası və digər sahələr üzrə genişmiqyaslı layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda, xalçaçılıq, ipəkçilik və konserv məhsulları istehsalı sahəsində yeni müəssisələrin yaradılması da planlaşdırılır.

Ordubad şəhərinin baş planı barədə də danışan icra başçısı vurğulayıb ki, bu plan rayonun tarixi irsinin qorunması ilə yanaşı, müasir tələblərə uyğun inkişaf konsepsiyasını özündə birləşdirir. Qeyd edilib ki, qədim Ordubadın milli memarlıq üslubu, yaşayış məhəllələrinin strukturu və şəhərin tarixi siması olduğu kimi saxlanılacaq. Bu çərçivədə mövcud infrastrukturun yenilənməsi, ekoloji mühitin qorunması, müasir tikinti prinsiplərinin tətbiqi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçiriləcək.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, içməli və suvarma suyu ilə təminat, mərasim evinin tikintisi, məşğulluq, internet sürətinin artırılması və digər məsələlərlə bağlı qaldırılan təklif və problemlər yerindəcə aidiyyəti üzrə məsul şəxslərin iştirakı ilə araşdırılıb və onların həlli istiqamətində konkret tədbirlər müəyyən edilib. Vaxt tələb edən məsələlər nəzarətə götürülüb və müvafiq qurumlara aidiyyəti tapşırıqlar verilib.

Sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına və yaradılmış əlverişli qəbul şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ETX
ETX
ETX