O, Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycanın ilk qadın rəngkar rəssamlarından hesab olunur. Söhbət qadın rəssamlar arasında ilk dəfə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bu il anadan olmasının 120 illik yubileyi tamam olan Reyhan Topçubaşovadan (1905-1970) gedir.
Reyhan İbrahim qızı Topçubaşova Azərbaycanın dilbər guşələrindən olan Qubada anadan olub. Kiçik yaşlarından musiqi və ədəbiyyata həvəs göstərib. R.Topçubaşova ziyalı bəy nəslindən idi. Belə ki, onun atası İbrahim bəy Axundzadə dövrünün tanınmış və savadlı bəylərindən, bibisi Səkinə xanım isə ilk qadın dramaturq, ölkəmizin ilk qadın müəllimlərindən olublar. Rəssamın babası yazıçı Mirzə Heybət Axundzadə "Fəda" təxəllüsü ilə şeirlər yazıb, A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üzvü olub. Rəssam uşaqlığı barədə yazırdı: "Uşaqlığımdan bütün vaxtımı şəkil çəkməyə və sevdiyim musiqiyə sərf edirdim. Kiçik yaşlarımda ancaq karandaşla çəkirdim. Xatırlaya bilmirəm nə üçün rənglə deyil, karandaşla çəkirdim; yəqin ki, bu hal rənglə çəkməyi bacarmadığımdan irəli gəlmişdir" ("Azərbaycan qadını" jurnalı. 1940).
R.Topçubaşova ilk təhsilini tanınmış Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı Qızlar məktəbində almışdır. O, 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın fortepiano sinfində oxuyub. Lakin ailə qurduğuna görə təhsilini yarımçıq saxlayıb. R.Topçubaşovanın həyat yoldaşı məşhur cərrah, akademik Mustafa Topçubaşov idi. Rəssamlığa olan maraq onu heç zaman rahat buraxmamışdı. Beləliklə, o, Ə.Əzimzadənin rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmaq üçün 1933-cü ildə imtahan verərək uğurlu nəticələr əldə etməklə texnikumun üçüncü kursuna qəbul olunmuş və 1935-ci ildə oranı uğurla bitirmişdir. Müstəqil yaradıcılıq fəaliyyətinə başlayan rəssam 1950-1960-cı illərdə təşkil olunan Azərbaycan qadınlarının yaradıcılıq sərgilərinin fəal təşkilatçısı və iştirakçısı olmuşdur. Qeyd etdiyimiz kimi, R.Topçubaşova ictimai işlərdə də fəal iştirak etmişdir. O, 1943-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini işləmişdir.
R.Topçubaşova dəzgah rəngkarlığı və qrafika sahəsində bir sıra əsərlar yaratmışdır. Rəssamın süjetli tabloları, portret və mənzərə janrlarında yaratdığı əsərlər diqqəti xüsusilə cəlb edir.
R.Topçubaşovanın "Azərbaycan qadınlarının birinci nümayişi", "İlk təbliğatçı qadın - Mina xala" adlı əsərləri inqilabi mövzuda işlənilib. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil olan "Köhnə Bakı küçəsi", "Toy" adlı əsərləri rəğbət doğurur. R.Topçubaşova Bakının köhnə küçəsini təsvir etdiyi əsəri barədə yazırdı: "Bu işimdə mən keçmiş uşaqların məşğələləri, məktəbə getmək əvəzinə küçədə "aşıq-aşıq" və "mazi" oynamalarını, küçənin tratuarları, küçə alverini təsvir etmişəm". "Toy" əsəri üçün rəssam 15 akvarel rəsm işləmişdir. Əsərdə toyxanada qadınlar və zurnaçılar təsvir olunub. Mərkəzdə gəlin ayaq üstə durmuş, gəlinin üzü zərli örtüklə örtülmüşdür. Ortada bir qadın oynayır və zurnaçılar üçün "şabaş" pul yığır. Rəssam yazırdı ki, belə toyları mən öz gözümlə gördüyüm və onlarda iştirak etdiyim üçün əsəri daha orijinal və lazımi xarakterdə göstərməyə müvəffəq olmuşam. Bu əsər rəssamın diplom işidir.
R.Topçubaşovanın portret əsərlərindən "Mirzə Ələkbər Sabir", "Balerina Qəmər Almaszadənin portreti", "Avtoportret" və başqalarının adlarını qeyd edə bilərik. Sabirin portretinin yaradılması ilə bağlı rəssam yazırdı ki, bu kompozisiyanın üzərində çalışmaq üçün Sabirin həyatı və onun yaradıcılığı ilə tanış olmuşam. Mən yorulmaq bilməyən inqilabçı şairin həyatındakı bütün incəlikləri öyrənmək üçün əlimdən gələni etmişəm. Bu əsərimdə mən onun yoxsul ev quruluşunu və onu əhatə edən çətin mühitdə yaradıcılığının necə ağır olması mövzusunu fikirləşərək işləyən anını göstərmişəm. Əsərdə lampa işığında dərin düşüncələrə dalmış şairin hüznlü obrazı yaradılıb. R.Topçubaşova orta məktəbdə bir sinifdə oxuduğu rəfiqəsi balet ustası Qəmər Almaszadənin uğurlu portret əsərini yaratmışdır.
R.Topçubaşova bir sıra mənzərə əsərləri yaratmışdır. Onlardan "Zuğulba", "Dəniz qırağında koma", "Bakı qış zamanı", "İlk qar", "Dəniz. Mərdəkan", "Buzovna. Etüd", "Şahdağ. Etüd", "Qayıq. Etüd", "Karlovı Varı", "Jiquli dağları. Etüd" və digərlərini göstərmək olar. Adları sadalan bu mənzərə əsərlərinin yaradılması üçün rəssam məkanı dərindən müşahidə etmiş, saatlarla təbiətin qoynunda fikrə dalmış, müşahidələr apararaq ülvi təbiət lövhələrini kətanda canlandırmışdır. R.Topçubaşova həmçinin 1938-ci ildə Moskvada təşkil olunan Azərbaycan incəsənəti dekadasında iştirak edən mahnı və rəqs ansamblı üçün geyim eskizlərini hazırlamışdır.
R.Topçubaşova qadın rəssamlar arasında ilk "Əməkdar incəsənət xadimi" (1943) fəxri adına layiq görülmüş sənətkar olmuşdur. Bu il rəssamın vəfatından 55 il ötür. Azərbaycan rəssamlıq sənəti tarixində Reyhan Topçubaşovanın adı həmişə yaşayacaqdır.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas