O, ilk biznesindən qazanc əldə etmək əvəzinə 36 min manat ziyanla ayrıldı. Lakin bu uğursuzluq onu dayandırmadı, əksinə, yenidən başladı. Qurduğu növbəti biznesi ortağına satdıqdan sonra hər şeyə sıfırdan başlamalı oldu, amma vaz keçmədi və fəaliyyətini davam etdirdi. Nəticədə, bu gün Böyük ağa Şamiloğlu “Seyidoğlu Group”un sahibidir.
Valyuta.az olaraq Böyükağa Şamiloğlu ilə müsahibəmizdə onun sıfırdan başlayıb indiki mövqeyinə necə gəldiyini ətraflı öyrəndik.
Qeyd edək ki, Böyükağa Şamiloğlu İqtisad Universitetinin maliyyə-kredit fakültəsində bakalavr təhsili alıb.
- Böyükağa bəy, biznes qurmaq marağı maliyyə təhsili alandan sonra yarandı?
- Mən satış və bizneslə hələ uşaqlıqdan məşğul olmuşam. Ailəmiz kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Mən də atamla birlikdə həmin kənd məhsullarını müştərilərə satırdım. Universitetə hazırlaşana kimi atamla birgə bu işlə məşğul olmuşam. Elə satışla ilk tanışlığım da oradan başlayıb.
Universitetə daxil olduqdan sonra, 2-ci kursdan Azərbaycanın 2 ən böyük dəftərxana şirkətindən biri olan “İntellekt” firmasında 3 aylıq yoxlanışdan sonra firmaya satış meneceri kimi fəaliyyətə başladım. Təxminən 4 il orada işlədim. “İntellekt”də işlədiyim vaxtlarda uşaqların dəftərxanadan çıxarkən üzlərində yaranan o təbəssüm məni xoşbəxt edirdi. Və bu sahəyə marağım günü-gündən artır, bu sahəni daha çox sevirdim.
İllər keçdikcə yorulmadan çalışır, daha çox müştəriyə xidmət göstərir, hətta şirkətdə ən çox satış edən əməkdaş olmuşdum. Rəhbərliyə yeni-yeni layihələr hazırlayıb təqdim edirdim. Təəssüf ki, nə qiymətləndirilirdim, nə də dinlənilirdim. Hər dəfə qulaqardına vurulanda əsəbləşir və çıxıb öz işimi qurmağı planlayırdım. İşdən çıxdıqdan sonra başa düşdüm ki, mən artıq satış insanıyam. Elə o andan etibarən, işlədiyim və təcrübəm olan sahə üzrə işləmək qərarına gəldim. Başa düşdüm ki, mən bu işdə xoşbəxt hiss edirəm və nəhayət, 2008-ci ildə öz işimi qurmaq qərarına gəldim
- Maliyyəniz var idi?
- Bir qəpiksiz başlamışıq (Gülür). 2008-ci ilin aprel ayında 2 dostumla birlikdə bir qəpiksiz ilk firmam olan “OFFİCELAND MMC”-ni qurdum. Qara Qarayev metrosu tərəfdə 14 kv.m ofis icarəyə götürərək koperativ satış üzrə fəaliyyətə başladım. Bu şirkətimiz dəftərxana və ofis ləvazimatlarının satışını təşkil edirdi. Günü-gündən müştərilərimiz çoxalır, dövriyyəmiz artır, əməkdaş sayımız 7-yə çatırdı. Hətta Gənclik metrosuna yaxın böyük ofisə də köçmüşdük. Amma təəssüf ki, bu işim uğursuzluqla nəticələndi.
- 7 əməkdaş və iş qurmağın xərci. Bəs maliyyəniz olmadan bunu necə etdiniz?
- Satış sahəsində çalışanların ən çox rastlaşdığı problem adətən müştəri tapmaqdır. Biz isə satışı yaxşı bildiyimiz üçün əsas problemimiz bu olmayıb. Yəni müştərimiz var idi, əsas çətinlik məhsul tapmaq idi. Yeni olduğumuz üçün məhsulları nisyə götürə bilmirdik. Biz bu işdə heç bir maliyyə dəstəyinə malik deyildik və yalnız kredit götürərək fəaliyyət göstərmişik. Qısası, müştərimiz var idi, kredit götürüb məhsulları aldıq və satışını həyata keçirdik.
- Əgər müştəriniz var idisə, niyə həmin biznes uğursuzluqla nəticələndi?
- Əslində, bir neçə faktorun burda rolu var. Birincisi, mənim ilk biznes təcrübəm idi. Üstəlik yeni şirkət idik. Çox aşağı faizlə işləməyimiz, maliyyə hesablamalarını düzgün aparmamağımız və götürdüyümüz kreditlə vergini nəzərə almamağımız səbəbindən, 2011-ci ildə kar yox, əksinə 36 min manat borcumuz yaranmışdı. Elə buna görə də, 2012-ci ilin əvvəlində “OFİSLAND”ı bağlamaq qərarına gəldim və yenidən başladım.
- Bu uğursuzluqdan sonra necə davam etdiniz?
- Birinci biznesdə ortağım var idi, bu dəfə isə tək başıma çalışmaq qərarına gəldim. 2012-ci ildə “BookStore” MMC-ni açdım. Şirkətlərə, dəftərxana mağazalarına malları əlimdə çanta ilə daşıyaraq aparırdım. Sədərəkdən və Türkiyədən borca mal alaraq, dağıtıma başladım. İlk işimdən fərqli olaraq, bu işimdə maliyyəni düzgün qurdum. 2014-cü ildə “BookStore” MMC artıq köhnə bütün borcları ödəmiş, hətta 50 min manat üzəri qazanc əldə etmişdi. Uğurlu layihəni daha böyük çapda davam etdirmək üçün işimi bir ortaqla davam etdirmək qərarına gəldim.
Artıq Çin və Türkiyə kimi ölkələrdən 6-dan çox firmanın distribütorluğunu alaraq, fordlar vasitəsilə dəftərxana mağazalarına topdan şəkildə paylamağa başladıq. 2019-cu ildə “BookStore” MMC-ni ortağıma satmaq qərarına gəldim.
- Yenə sıfırdan başladınız?
- (Gülür) Təbii ki, hər şey başa qayıtmışdı. Mən yenidən, şəxsi noutbukumla tək qalmışdım. Amma daha güclü, daha təcrübəli. İlk olaraq, lap əvvəl bağladığım “OFFİCELAND” MMC-ni yenidən bərpa etdim. Mən yenidən, sıfırdan “PENSTORE” MMC-ni yaradaraq topdan şəkildə məhsul paylamasına başladım. Qeyd edim ki, pandemiya dövründə hər yer bağlı olduğundan, biz taksi şirkətindən aldığımız icazə kağızı ilə fəaliyyət göstərirdik. Böyük rəqiblərin fəaliyyət göstərmədiyi bir vaxtda biz marketlərə məhsul çatdıra bildik. Deyə bilərəm ki, pandemiya bizim üçün düşərli oldu, 10 qat böyüdük.
Vaxt keçdikcə yeni layihələr ortaya çıxmağa başladı. Sonralar paralel olaraq, iki əməkdaşı olan “KATCEN” şirkətini qurduq. “KATCEN” şirkətlərə servis xidməti göstərən, onları katric və printerlə təmin edən bir müəssisə idi. Bununla yanaşı, “SHOPEN” mağazası da artıq fəaliyyətə başlamışdı.
Zamanla bu layihələr böyüdü və 2022-ci ildə bütün şirkətlərimizi “Seyidoğlu Group” adı altında birləşdirdik.
- Biznesdən nə zaman qazanc əldə etməyə başladınız?
- Maliyyə sistemini düzgün qurduqdan sonra işdən gəlir əldə etməyə başladım. Qazandığımız məbləği isə biz götürmürük, yeni şirkətlər və layihələr qururuq. Qazanc şirkətin daxilində qalır və dövriyyə olunur.
- “Seyidoğlu Group” ilə bağlı hansı hədəfləriniz var?
- “Seyidoğlu Group” ilə bağlı ən böyük arzum Azərbaycanda dəftərxana sahəsində istehsalat qurmaqdır. Elə məhsullar var ki, onları ölkəmizdə istehsal etmək mümkün olsa da, biz onu xaricdən gətiririk. Ona görə də Qarabağ bölgəsində yerli istehsal sahəsi yaratmaq istəyirəm. Digər hədəfim isə “Seyidoğlu Group”u xarici ölkələrdə inkişaf etdirməkdir. Gürcüstan, Qazaxıstan, Özbəkistan və bəzi Avropa ölkələrində “Seyidoğlu Group”un şöbələrini açmaq planım var. Bununla da iş şəbəkələrimi genişləndirmək yerli, dünya səviyyəli bir şirkət qurmaq arzusundayam.
Tənzilə Ağabalayeva