Azərbaycan iqlimi meyvəçilik üçün əlverişli ölkə olsa da, son illər mövsümi meyvələrin qiymətinin yüksək olması əhali arasında narazılığa səbəb olur. Mövsümündə bol olması gözlənilən meyvələrin baha olması bir neçə səbəblə izah olunur.
Havanın qeyri-sabit, əlverişsiz keçməsi meyvə-tərəvəzin bol olmasına mane olur. Digər tərəfdən bəzi meyvə-tərəvəz idxal olduğu üçün baha satılır.
Lakin yerlərdə fermerlərin məhsulunu sata bilməməsi və ya çox ucuz qiymətə satmasına dair faktlar var. Onlar məhsulunu bazara çıxara bilmir və ya kiloqramı 5-6 qəpiyə olduğu üçün ümumiyyətlə satmaqdan imtina edirlər.
Yerli məhsulların bazara çıxmasına nə mane olur? Niyə hələ də fermerlərin yetişdirdiyi məhsullar baha satılır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Akif Nəsirli deyib ki, bu problem illərdir var:
“Fermerin bazara çıxmaq imkanları məhduddur. Bütün bazarlar inhisardadır, bütün bazarlara giriş ödənişlidir və ödənişlər də kəllə-çarxdadır. Məhsulun da qiymətini bahalaşdıran məhz budur. Azərbaycan hökuməti, Kənd Təsərrüfatı Nazirliyi dövlətin nəzdində Bakı kimi böyük şəhərin ətrafında 5-6 dənə topdansatış bazar yaratmalıdır. Yəni fermer maneəsiz həmin bazara girməli və həmin bazarda rəmzi qiymət ödəməklə yer götürərək maşınla fəaliyyət göstərməli, həm topdan, həm də pərakəndə satışla məğul olmalıdır. Bu, əvvəllər Bakıda var idi, hətta Bakı küçələrində səyyar, gəzərək meyvə-tərəvəz satan maşınlar da var idi. İndi onları qadağan ediblər”.
O, bildirib ki, mövsümü meyvələrin baha olması isə onların bol olmamasındadır:
“Şəhərin ətrafında yalnız bir topdansatış ticarət mərkəzi var. Yəni fermer özü öz məhsulunu “Meyvəli” bazarına gətirsə, o, başqa işlərlə məşğul ola bilməyəcək və yaxud gətirdiyi məhsulu normal qiymətə sata bilməyəcək. Bostanda 10 qəpiyə, “Meyvəli” bazarında 50 qəpiyə satacaqsa, yenə ziyanla işləyəcək. Çünki bu mərhələrədə xərc çox çıxır. Bu xərcin azaldılması üçün mütləq hökumət tədbir görməlidir ki, fermer satdığı məhsulu bir gün ərzində Bakıya çatdırsın, normal qiymətə təhvil verib, qayıtsın.
Bu məsələ ciddi problemdir və neçə illərdir həll edilə bilmir. Digər tərəfdən bu ilin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu il də, ötən il də meyvə-tərəvəz qıtdır. Bu da havanın qeyri-sabit və kənd təsərrüfatı üçün əlverişsiz keçməsi ilə bağlıdır”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta