AZ

Çin neft asılılığından qurtulmağa yaxınlaşır

Yazını böyüt
Yazını kiçilt

Qlobal neft tələbinə uzun müddət təsir edən Çin neftdən asılılığını azaltmağa yönəlmiş genişmiqyaslı enerji transformasiyasında kritik nöqtəyə çatıb.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, Çinin ümumi neft tələbatının 2027-ci ildə pik həddə çatacağı, sonra isə azalacağı gözlənilir. Bunun "həm milli təhlükəsizlik narahatlıqları, həm də geosiyasi risklərdən qaçmaq səyləri" ilə formalaşan uzunmüddətli strategiyanın nəticəsi olduğunu vurğulayır.

2013-cü ildə Çin lideri Si Cinpin tərəfindən başladılan "enerji inqilabı" proqramı ilə ölkə elektriklə işləyən avtomobillər və yerli neft hasilatının artırılmasından tutmuş akkumulyator texnologiyaları və dənizdə qazma işlərinə qədər bir çox cəbhədə addımlar atıb.

2020-ci ildə elektrik və hibrid avtomobillərin ümumi satışlarda payı 6 faiz olduğu halda, 2024-cü ilə qədər bu rəqəm 50 faizə yüksəlib. Hökumət 2009-2023-cü illər arasında istehsalçılara təxminən 231 milyard dollar subsidiya verib.

Hesabatda həmçinin İlon Maskın Tesla şirkətinin 2019-cu ildə Şanxayda fabrik açmasından sonra Çində elektrikli avtomobillərə dair təsəvvürün dəyişdiyi də vurğulanır.

Elektrikli nəqliyyat vasitələri də ictimai nəqliyyatda mühüm rol oynayır. 2023-cü ilə qədər şəhər avtobuslarının 80%-dən çoxu elektrik və ya hibridə çevrilib.

Pekin hökuməti enerji hədəflərinin bir hissəsi olaraq 2018-2024-cü illər arasında yerli neft hasilatını 13 faiz artıraraq 4,3 milyon barrelə çatdırıb. Çinin ən böyük neft istehsalçısı olan PetroChina ötən il 38 milyard dollar sərmayə qoyub. Bu rəqəm Amerika neft nəhəngləri Exxon və Chevron-un eyni dövrdə birgə investisiyalarına bənzəyir.

Bundan başqa, təhlil Çinin neftə tələbatın azalmasının neft ixrac edən ölkələr üçün iqtisadi risk yaratdığını göstərir. Beynəlxalq Enerji Agentliyi Çinin 2028-2030-cu illər üçün neftə tələbat proqnozunu gündə 1 milyon barel azaldıb.

Rusiya Çinə nefti endirimlə satır, Səudiyyə Ərəbistanı isə Çinin neft emalı zavodlarına sərmayə qoyaraq bazar payını qorumağa çalışır.

ABŞ administrasiyası həmçinin Çin, Hindistan və Braziliya Rusiya neftini almağa davam edərsə, onlara 100 faiz tariflər tətbiq etməyi planlaşdırır. Senator Lindsey Graham bildirib ki, "Tramp Rusiya neftini alan Çin, Hindistan və Braziliyaya tariflər tətbiq edəcək. Bu üç ölkə ucuz Rusiya neftinin təxminən 80 faizini alır. Bu, Putinin döyüş maşınına can verir".

Seçilən
69
hafta.az

1Mənbələr