Artan istilər səbəbindən Yunanıstan hakimiyyəti günün ən isti saatlarında bəzi iş növlərinə qadağa qoyub...
Poliqon Express-ə istinadən xəbər verir ki, qanunu pozanları cərimə gözləyir.
Yunanıstanın Milli Meteorologiya Xidmətinin məlumatına görə, yaxın həftə ərzində ölkədə pik temperaturun 44°C-yə çatan isti dalğası gözlənilir. Bu fonda Yunanıstanın Əmək Nazirliyi ölkənin bəzi ərazilərində saat 12:00-dan 17:00-a qədər açıq havada fiziki işlərin aparılmasını qadağan edən bir fərman verib.
Qadağa xüsusilə tikinti və kuryer işlərinə (avtomobillər istisna olmaqla) aiddir. İşçilərini bu qadağanı pozmağa məcbur edən hər bir şirkət hər bir belə işçi üçün 2000 avro cərimələnəcək.
Bundan əlavə, Yunanıstan hökuməti işəgötürənləri mümkünsə işçiləri uzaqdan işə keçirməyə çağırıb.
Ümumiyyətlə, son illər Yunanıstanda belə məhdudiyyətlər adi hala çevrilib. Yunanıstanın ən məşhur turistik məkanı olan Akropol iyulun əvvəlində isti hava səbəbindən bir neçə gün turistlərin üzünə bağlanıb. Keçən il də belə olub.
Poliqon.info