Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ-ın avtomobil qiymətləri qonşu ölkələrdəki satışlarla müqayisədə rusiyalı müştəriləri təəccübləndirir. Belarus və Qazaxıstanda satılan Lada modelləri Rusiyadan 20-30 faiz ucuzdur. Məsələn, Belarusda bir Lada Granta 32690 Belarus rublu və ya təxminən 19 min manat dəyərindədir. Eyni avtomobil Rusiyada ən azı 996 min rubla (21600 manat) satılır. Endirimlərlə ən aşağı qiymət 896 min rubla (19400 manat) qədər düşür, lakin hələ də Belarus qiymətindən yuxarıdır.
Hafta.az-ın yazdığına görə, Lada Vesta üçün də vəziyyət oxşardır. Baza modeli Vesta Minskdə 47 min Belarus rubluna və ya 1 milyon 256 min rubla (26600 manat) satılırsa, eyni avtomobil Tolyattidə, hətta 20 faiz dövlət təşviqi ilə, təxminən 1 milyon 450 min rubla (31400 manat) satılır. Qazaxıstanın Petropavlovsk şəhərində qiymətlər daha təəccüblüdür: Granta 888 min rubl (19300 manat), Vesta 1 milyn 106 min rubl (24 min manat). AvtoVAZ-ın ən yeni modeli olan Lada Aura 2025-ci ilin iyununda Birləşmiş Ərəb Əmirliklərinə ixraca başlayıb. Dubayda yerləşən Pearl Motors şirkəti 125 min BƏƏ dirhəmi və ya 2 milyon 670 min rubl (57850 manat) başlanğıc qiyməti ilə Aura-nı təqdim edib. Bu rəqəm Rusiyanın pərakəndə satış qiyməti olan 2 milyon 800 min rubldan (60700 manat) təxminən 5 faiz aşağıdır.
Ekspertlər hesab edirlər ki, bu qiymət fərqləri qonşu ölkələrdə daha böyük rəqabət və idxal siyasəti ilə bağlıdır. Belarusda dəmir-dümür nəqliyyat vergisi olmadığı halda, idxal olunan avtomobillərə 50 faizə qədər gömrük endirimləri verilir. Qazaxıstanda Skoda, Hyundai, Kia və Haval kimi markaların yerli montajı sayəsində rəqabət daha sıxdır. “AvtoVAZ” xarici bazarlarda rəqabətədavamlı olmaq üçün qiymətləri azaldarkən, Rusiya istehlakçılarına “bazar şəraiti” səbəbindən daha yüksək qiymətlər təklif olunur.