Ramşteyn formatının son iclasındakı çıxışında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, keçmiş müdafiə naziri Rustem Umerov deyib ki, Ukrayna təkcə müdafiə sahəsində xarici dəstəyin alıcısına deyil, həm də birgə istehsalda tam səlahiyyətli aktyora çevrilib.
Hafta.az-ın yazdığına görə, Ukrayna Müdafiə Təmas Qrupunun (Ramşteyn formatı) bu gün 50-dən çox ölkə təmsilçisinin iştirakı ilə keçirilən iclasında çıxış edən Umerov bildirib ki, o, 2023-cü ilin sentyabrında müdafiə naziri vəzifəsinə başladıqdan sonra Ramşteyn formatının 14-cü və son iclasında iştirak edir.
Umerov çıxışında "Son iki ildə təkcə müdafiə sahəsində irəliləyiş əldə etmədik, həm də ortaq koalisiya yaratdıq. Biz sizin müdafiə sənayesi şirkətlərini Ukraynaya dəvət etdik və öz şirkətlərimizi ölkələrinizə yönəltdik. Bu, təkcə bugünkü təhlükəsizliyə deyil, həm də gələcəyin rifahına qoyulan sərmayədir" deyib. Umerov çıxışında “O, güclü və təcrübəli liderdir” deyərək, yeni müdafiə naziri və keçmiş baş nazir Denis Şmıxala etimad göstərməyə çağırıb.
Ukraynanın artıq sadəcə yardım alan ölkə olmadığını təkrarlayan Umerov, "Son iki ildə müdafiə sənayemizə 20 milyard dollardan çox sərmayə qoymuşuq. Bu gün cəbhə xəttindəki ehtiyacların 40 faizi yerli istehsal hesabına qarşılanır, istifadə edilən silahlı İHA-ların 95 faizi Ukrayna istehsalıdır" deyə bildirib.
Beynəlxalq təhlükəsizlik yardımının 2025-ci ilə qədər rekord həddə - 43 milyard dollara çatdığını qeyd edən Umerov, bu dəstəklə 9 funksional koalisiya qurulduğunu, F-16 və Mirage döyüş təyyarələrinin çatdırılması prosesinin başladığını, pilotsuz uçuş aparatları koalisiyasının Ukraynaya sahədə texnoloji üstünlük verdiyini qeyd edib. Umerov həmçinin bildirib ki, tərəfdaş ölkələr Danimarka modelinə əməl edərək ilk dəfə Ukraynanın müdafiə sənayesinə birbaşa sərmayə qoyub və ümumilikdə 4 milyard dolları keçib. O, "Müttəfiqlərimizlə 20-dən çox birgə layihə həyata keçirilib. Daha bir çox layihələr həyata keçirilir və tezliklə nəticələrini görəcəyik" deyib.
Umerov çıxışının sonunda müttəfiq ölkələrə müraciət edib: "Əsgərlərimiz səngərlərdə dəstəyinizə ümid bəsləyir. Hər sursat, hər maşın, hər raket onlara mesaj verir: Siz tək deyilsiniz".
İyulun 21-də Böyük Britaniya və Almaniyanın sədrliyi ilə Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn formatında) 29-cu iclası onlayn rejimdə keçirilib. İclasda 50-dən çox ölkədən nümayəndələr, o cümlədən NATO-nun baş katibi, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı və ABŞ-ın müdafiə naziri iştirak edib. Ukraynanı bu iclasda ilk dəfə iştirak edən müdafiə naziri Denis Şmıxal, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Silahlı Qüvvələrin Ali Baş Komandanı Oleksandr Sirski və Baş Qərargah rəisi Andrey Xnatov təmsil ediblər.