AZ

Fransız casus məhkəmədə şok etiraflar etdi

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Martin Rayan bəzi dəqiqləşdirmələrə zərurət olduğunu deyib. O bildirib ki, bu dəqiqləşmə digər təqsirləndirilən Azad Məmmədli ilə, həmçinin tərcümə ilə bağlıdır:

"Burada məxfi əməkdaşlıqdan, məxfi görüşlərdən danışılır. Fransızca "məxfi" sözü "gizli" kimi qəbul edilir. Bizim Frederik Devos, Loran Qrard, Loran Lödi və Fransa səfirliyinin digər əməkdaşları ilə gizli görüşlərimiz olub. O, cümlədən Azad Məmmədli də iştirak edib".

Hakim isə Martin Rayanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.

Daha sonra proses təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin elanı ilə davam edib.

Qeyd edək ki, ötən məhkəmə iclasında onun 42 səhifədən ibarət ifadəsinin 18 səhifəsi elan olunmuşdu. Bugünkü iclasda həmin ifadənin qalan hissəsi elan edilib.

Martin Rayanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb. Onlar görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasındakı münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Frederik Devos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər və tələbə yoldaşları barədə məlumat istəyib: "Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib. Onun haqqında olan geniş məlumatları təqdim edib".

Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub. Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Leron Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib. Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bundan sonra fransız iş adamı Serj Banvel də bu quruma üzv olub. Bu qurumun altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakter olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".

Seçilən
115
8
publika.az

10Mənbələr