AZ

“Qarabağ” klubu İrlandiya adasında

Bu dəfə Çempionlar Liqasında yolumuz Dublindən başlayır

Budur, təmsilçimiz yeni avrokuboklar mövsümündə qitə klub futbolunun 1 nömrəli turniri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin 1-ci raundunda mübarizəyə başlayır. Bu gün Bakı vaxtı ilə saat 22:45-də xorvatiyalı hakim Ante Çulinanın işarəsi ilə İrlandiya Respublikasının baş şəhəri Dublində yerli “Şelburn” klubu ilə Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasının görüşünə start veriləcək.

Bununla da hər iki rəqib “Tolka Park” stadionunun yaşıl meydanında mühüm oyundan maksimum fayda götürməyə çalışacaq. Bu, cavab görüşünə daha yaxşı əhvalla hazırlaşmaq, ümumi müvəffəqiyyətə doğru yolda lazımi zəmin yaratmaq üçün vacib şərtdir. Onlar məqsədlərinə nə dərəcədə nail olacaqlarını isə bizim yerlərdə gecəyarısı olanda biləcəklər.

Əgər Azərbaycan klub futbolunun lideri indiki avrokuboklar mövsümündə ilk rəsmi sınağına çıxırsa, Liqada mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan “Şelburn” artıq iki oyunda bərkdən-boşdan çıxıb. Başlanğıc da uğurlu olub. Şimali İrlandiyanın “Linfild” klubu ilə görüşlərdə qələbə və heç-heçə (1:0; 1:1) İrlandiya təmsilçisinə 2-ci raundda da döyüş yoluna davam etmək imkanı yaradıb.

Amma Liqada start ərəfəsində Qurban Qurbanovun futbolçuları da boş-bekar oturmayıblar. Avstriyada sıx rejimdə keçirilmiş gərgin təlim-məşq toplanışı və ciddi rəqiblərlə yoldaşlıq görüşləri Dublində çətin sınaqda komandanın köməyinə gəlməlidir.

“Qarabağ” azarkeşləri artıq yaxşı bilirlər ki, onların sevimli komandası İrlandiyaya yeni oyunçular da aparıb. Klubun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üçün UEFA-ya göndərdiyi 24 nəfərlik iştirak ərizəsində yeni adlar da var. Ola bilsin, onlardan bəziləri ilə artıq bu axşam tanış olub, oyun ustalıqları haqqında müəyyən təsəvvür alaq. Komandamızda ilk addımları uğurlu olsun.

Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”—“Şelburn” cavab görüşünün iyulun 30-da keçirilib, saat 20-də başlanacağını da xatırladıb, qeydlərimizi Dublin matçında maraqlı hadisələrə şahidlik etmək, uğurlu nəticəyə sevinmək ümidi ilə yekunlaşdıraq.

Bu zaman Konfrans Liqasını da unutmayaq. Burada da həyəcanlı həftədir. Bu gün və sabah “Zirə” ilə “Araz Naxçıvan” öz meydanlarında müvafiq surətdə Xorvatiyanın “Hayduk” və Yunanıstanın “Aris” klublarını sınağa çəkəcəklər, Avroliqada “Çelye” (Sloveniya) imtahanından kəsilib, “konfransa” düşən “Sabah” isə sabah Kişinyovun “Zimbru” stadionunda Moldovanın “Petrokub” komandası ilə qarşılaşacaq. Hələlik bu qədər…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr