Səhər və axşam gəzinti bağırsaq xərçəngi riskini 11% azalda bilər
Yeni araşdırmaya görə, günün səhər və axşam saatlarında gəzintiyə çıxmaq bağırsaq (kolorektal) xərçəngi riskini 11% azalda bilər.
Tribunainfo.az xəbər verir ki,tədqiqat Almaniyanın Regensburg Universitetinin alimləri tərəfindən aparılıb və BMC Medicine jurnalında dərc olunub.
Alimlər Böyük Britaniyada 42-79 yaş arası 86 min insanın gündəlik hərəkətini izləyiblər. Beş ildən çox müddət ərzində 529 nəfərdə bağırsaq xərçəngi aşkarlanıb. İştirakçılar biləklərində cihaz taxaraq gün ərzində etdikləri gəzinti və digər fiziki fəaliyyətləri qeydə alıblar.
Ən aşağı risk səhər saat 8:00 və axşam saat 18:00-də gəzənlərdə müşahidə olunub – bu qrupda xərçəng riski 11% azalıb. Günboyu fasiləsiz hərəkət edənlərdə isə bu göstərici 6% olub. Günorta və gecə saatlarında aktiv olanlarda riskdə ciddi dəyişiklik müşahidə edilməyib.
Tədqiqatın rəhbəri, professor Mixael Laytsmann bildirib:
“Sadəcə hərəkətli olmaq kifayət deyil, onun vaxtı da vacibdir. Əgər bu nəticələr gələcəkdə də təsdiqlənərsə, insanların daha təsirli şəkildə özlərini qoruması üçün sadə, amma güclü bir yol təqdim etmiş olacağıq.”
Bağırsaq xərçəngi dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir. Bu araşdırma, gəzintinin və fiziki aktivliyin vaxtının da xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli ola biləcəyini göstərir.
İmran Kərimli
Tribunainfo.az