AZ

97 yaşlı Xalq artisti Roza Cəlilova: Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın

Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Beləliklə, bu günk müsahibimiz  “Şərəf” və “Şöhrət” ordenli xoreoqraf, xalq artisti Roza Cəlilovadır. Müsahibəmizi oxuculara təqdim edirik.

 - Roza xanım, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

 - 97 yaşım var. Yaş öz sözünü deyir.  Bu yaşa gəlib çatdım, xalqımızın sevgisini, məhəbbətini hər zaman hiss elədim. Allah mənə ömür verib ki, rəqsimizi xalqımıza təqdim edim. Bu məni qürurlandırır. Yaxşı ki, sizlər varsınız və gəlib məndən tez-tez xəbər alırsınız.

 - Necə oldu sırf milli rəqsə üstünlük verdiniz?

 - Ailəmiz incəsənəti çox sevirdi. Atam mənim əlimdən tutub baletə apardı. Balet oynadım, lakin milli musiqini eşidəndə özümü daha çox orada görürdüm. Rəqsə bağlılıq ürəkdən gəlməlidir. Mən də ürəyimin səsinə qulaq asdım.  O zamanlar xarici ölkələrə gedib Azərbaycan rəqsini nümayiş etdirmək çətin idi. Hara göndərdilərsə, bütün tədbirlərdə uğurla iştrak elədim. Bu, mənim üçün böyük fəxrdir.

- Necə düşünürsünüz, Sizcə hazırda milli rəqs o illərdəki qədər sevilir?

- Hiss edirəm ki, milli rəqsimizə insanların marağı böyük, sevgiləri çoxdur. Musiqi gözəl, avazı gözəl, geyimləri gözəldirsə, əlbətdə ki, seviləcək rəqsimiz var. Ulu öndər Heydər Əliyevin  bir sözü var. Rəqs bizim güzgümüzdr. Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın. Melodiya, rəqsin hərəkətləri, paltarın quruluşu hamısı bir biri ilə bağlı olmalıdır. Rəqs tarixi dəyərdir, təqdim etmək isə  böyük  xoşbəxtlikdir. İfa olunan musiqini eşitdikdə, təqdim olunan rəqsi gördükdə   insanın ruhu oynayır. Gözəl bəstələrimiz, musiqiçilərimiz, rəqqaslarımız çoxdur.

- Roza xanım, rəqs insanın xarakterinə  necə təsir   göstərir?

 - Rəqs insanın xarakterinə ancaq  müsbət mənada təsir göstərə bilər. İnsanı ruhlandırır, ona sevgi gətirir.

 - Bəs sizə daha çox yaxın olan hansı rəqsdir?

 - Lirik rəqslərimiz bir tarixdir. “İnnabi”, “Uzundərə” və s ən gözəl süzmə rəqslərdir. Oğlanlar üçün “Qaytağı”, “Cəngi” rəqslərini misal gətirərdim. Hansı olmasından fərqli olmayaraq rəqsimizə böyük maraq və sevgi duyublar. Mən bunu getdiyim bütün ölkələrdə hiss eləmişəm. Hətta rəqsimizə aid  kitablar belə yazıblar.

 - Bildiyim qədər nəvəniz Lalə xanım Aslanur  da yolunuzu davam etdirir...

- Bəli, Lalənin lap kiçik yaşlardan rəqsə marağı var. O, 2000-ci illərdə doğulub. Həmin ərəfələrdə  zəlzələ olmuşdu.  Hamımız zəlzələnin təsirində idik, lakin balaca  Lalə əllərini qaldırıb özü üçün  oynayırdı. Onun rəqs proyekti var. Keçən il Kanadada keçirilən mötəbər  müsabiqədə  15 ölkə arasında Azərbaycan birinci yerə layiq görüldü və  qızıl medal qazandı.

- Yaxın günlərdə də maraqlı bir tamaşa qurmuşdu...

- Bəli, bu il tamaşa quranda  dahi şəxsiyyətlərə önəm verildi. Üzeyir Hacıbəyov, Xurşudbanu Natəvan, İbrahimxəlilxan kimi şəxsiyyətlərə müraciət etdilər. Səhnədə 30  rəqqasla işləmək böyük zəhmət tələb edir. Həmin təqdimatın sonunda  cənab Prezident İlham Əliyevin  Şuşa ilə bağlı çıxışı ekranlarda səsləndirildi.

- İştrak etdiniz həmin tədbirdə?

- Həmin gün özümü yaxşı hiss eləmirdim, lakin orada   iştrak etməliydim. Çox gözəl bir tədbir oldu. İnsanların böyük sevgisini gördüm orada. Konsert ərəfəsində  nəvəmi tanımadım. O, əsl Azərbaycan xanımı kimi milli paltarda səhnədə idi. Bir anlıq fəxr elədim. Bu rəqsi sevmək və xalqa sevdirmək lazımdır. Düşünürəm ki, mən bunu bacardım və nəvəmin də mənim qədər təqdim edəcəyinə inanıram. Bizim rəqs dünyada tarixə düşən bir rəqsdir.

- Bildiyim qədər 95 illiyiniz təntənəli şəkildə qeyd olunub.

- Bəli, möhtəşəm bir tədbir keçirildi, tədbir  konsert proqramı ilə davam etdi. İnsanlar ayaq üstə məni alqışladı. Mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı məni evimdə  ziyarət ediblər.   Bu mənim üçün böyük  bir hədiyyədir.

- Stolun üstündə “Səhnəmizin ağ çiçəyi” adlı, Sizə həsr olunan kitab görürəm, istəyərdim bu  kitabdan  bəhs edəsiniz.

- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dərc olunub. Müəllif bütün materialları arxivlərdən çıxarıb, heç bunlardan xəbərim olmayıb.  2017-ci ildə nəşr olunan  kitabın müəllifi Mustafa Çəmənlidir. Kitabda  fəaliyyətim, yaradıcılığım, qızıl fonda düşən bütün rəqslərim və həyatımda baş verən proseslər  əks olunub. Hətta bütün rəqslərin tarixləri barədə də burada məlumat verilib. Onu demək istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs edən də  sevilmir və barəsində bu cür gözəl kitab dərc edilmir.

Söhbətləşdi: Havar Şəfiyeva

Seçilən
62
1
yeniazerbaycan.com

2Mənbələr