AZ

“Kyodo” agentliyi: Yaponiyanın Baş naziri gələn ay istefa verə bilər

Bakı, 23 iyul, AZƏRTAC

Yaponiyanın Baş naziri Şiqeru İşiba avqustun sonunda hakim koalisiyanın yuxarı palata seçkilərində məğlubiyyətindən sonra istefasını elan edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Bazar günü keçirilən səsvermə İşibanın Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeitoya böyük zərbə olub. Ölkənin müasir tarixində ilk dəfə olaraq, hakim koalisiya parlamentin hər iki palatasında çoxluğu itirib. Yuxarı palatada koalisiya indi 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Tez-tez ifrat sağçı kimi xarakterizə edilən Sanseito partiyası təmsilçiliyini 2 yerdən 14-ə yüksəldib.

İşiba hökumətin gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ ilə ticarət müqaviləsinin təfərrüatlarını hərtərəfli nəzərdən keçirməyincə, heç bir şərh verə bilməyəcək.

Çərşənbə axşamı Prezident Donald Tramp Yaponiya ilə “böyük razılaşma” adlandırdığı niyyət sənədini açıqlayıb. Müqaviləyə əsasən, yapon avtomobilləri üçün tariflər ilkin olaraq təklif edilən 25 faiz əvəzinə 15 faiz səviyyəsində müəyyən ediləcək. Tramp əlavə edib ki, Yaponiya öz bazarlarını ABŞ avtomobilləri, yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları üçün açacaq.

Vaşinqtonla davam edən danışıqlar İşibanın seçkilərdəki məğlubiyyətindən sonra vəzifəsində qalmağa qərar verməsinin əsas səbəblərindən biri idi. O, razılaşma əldə edildikdən sonra istefa vermək qərarına gələ bilər.

Seçilən
89
azertag.az

1Mənbələr