AZ

Alman avtomobil sənayesi Avropa İttifaqını ABŞ ilə qarşılıqlı rüsumlardan çəkinməyə çağırır

Berlin, 23 iyul, AZƏRTAC

Alman avtomobil sənayesi ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında davam edən gömrük mübahisəsinin dərinləşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Almaniya Avtomobil Sənayesi Assosiasiyasının (VDA) prezidenti Hildeqard Müller vəziyyətin tezliklə həll olunması çağırışı ilə hər iki tərəfə müraciət edib. O ABŞ-ın alman avtomobil istehsalçılarına qarşı apreldən tətbiq etdiyi əlavə gömrük rüsumlarının yaratdığı maliyyə yükünün həcminin artıq milyardlarla avroya çatdığını bildirib.

H.Müller Aİ-nin buna cavab olaraq ABŞ-a qarşı rüsumlar tətbiq etməyi planlaşdırmasını tənqid edib. O, Birləşmiş Ştatlardan Aİ-yə ixrac edilən avtomobillərin təxminən üçdəikisinin alman istehsalçılarına məxsus olduğunu vurğulayaraq, qarşılıqlı rüsumların yerli sənayeyə zərər verməməli olduğunu, bu səbəbdən strateji cəhətdən ağıllı davranmağa çağırıb. H.Müller izah edib ki, Aİ Komissiyası ABŞ avtomobillərinə qarşı qarşılıqlı gömrük rüsumları tətbiq edərsə, istehsalçılar üçün əlavə xərc hər bir faizlik rüsum dərəcəsinə görə ildə təxminən 100 milyon avro artacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
106
azertag.az

1Mənbələr