Alzheimer xəstəliyinə qarşı mübarizədə elmi araşdırmalar davam edir.
E-saglam.az xəbər verir ki, ABŞ-də aparılan yeni bir tədqiqat göstərib ki, iki fərqli xərçəng dərmanı Alzheimer xəstəliyinin simptomlarını yavaşlada və ya qismən geri çevirə bilər. Araşdırma 21 iyul 2025-ci il tarixində nüfuzlu Cell jurnalında dərc olunub.
Hazırda ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən Alzheimer xəstəliyinin erkən mərhələsinin qarşısını almaq üçün Leqembi və Kisunla adlı iki dərman təsdiq edilib. Lakin alimlər bu preparatların effektivliyinin məhdud olduğunu bildirirlər.
Bəzi əczaçılıq şirkətləri uğursuz sınaqlardan sonra Alzheimerə yönəlik tədqiqatlardan imtina etsə də, Kaliforniya Universitetinin (UCSF) alimləri mövcud dərmanların bu xəstəliyə qarşı istifadəsini araşdırmağa qərar veriblər.
1300-dən çox dərman araşdırılıb
Tədqiqatçılar 1300-dən çox dərmanın gen ifadəsinə təsirini analiz edərək Alzheimerlə əlaqəli dəyişikliklər axtarıblar. Bu dərmanlar arasında antipsikotiklər, antibiotiklər, antifungallar və xərçəngə qarşı istifadə olunan preparatlar yer alıb.
Araşdırma nəticəsində iki xərçəng dərmanı Alzheimer riskini azaltmaq üçün ən güclü namizəd kimi seçilib. Bunlardan biri süd vəzi (döş) xərçəngi üçün istifadə edilən letrozol, digəri isə yoğun bağırsaq və ağciyər xərçəngi üçün istifadə edilən irinotekan dərmanıdır.
Alimlər siçanlar üzərində apardıqları təcrübədə bu iki dərmanın birlikdə istifadəsinin beyin degenerasiyasını ləngitdiyini və yaddaşı yaxşılaşdırdığını müşahidə ediblər. Letrozol sinir hüceyrələrində, irinotekan isə beyindəki glial hüceyrələrdə gen ifadəsinə təsir göstərib. Alzheimer zamanı bu hüceyrələrdə artım və iltihab müşahidə olunur.
Tədqiqatçılar qeyd edirlər ki, siçanlardakı nəticələr insanlara tam tətbiq oluna bilməz, lakin əldə edilən nəticələr Alzheimerin gələcək müalicəsi üçün ümidverici addım hesab olunur. İndi məqsəd bu dərmanları insan xəstələr üzərində klinik sınaqlarla test etməkdir.
Tərcümə: Könül Oruc
E-saglam.az