Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionunda 2025-2026-cı illər üçün inflyasiya proqnozunu pisləşdirib, ÜDM artımı proqnozunu isə yaxşılaşdırıb.
“Report”un məlumatına görə, ADB-nin iyul icmalına əsasən, bank regionda 2025-ci ildə inflyasiyanın 7,8 % (əvvəlki proqnoz – 6,9 %), 2026-cı ildə isə 6,7 % (əvvəlki proqnoz – 5,9 %) səviyyəsində olacağını gözləyir.
"Proqnozdakı dəyişiklik Ermənistan, Qazaxıstan və Qırğızıstanda daha güclü inflyasiya təzyiqi ilə bağlıdır. Ermənistanda illik inflyasiya 2025-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 %-dən 3 %-ə yüksəlib. Qazaxıstanda eyni dövrdə inflyasiya bir il əvvəlki 9 % ilə müqayisədə 10,1 %-ə, Qırğızıstanda isə 8 %-ə çatıb", - icmalda qeyd edilib.
Bankın məlumatına görə, Azərbaycanda 2025-ci ilin 5 ayı ərzində inflyasiya səviyyəsi 5,9 % təşkil edib ki, bu da yanacaq və kommunal xidmətlərin qiymətlərinin artırılmasının təxirə salınmış təsirlərini əks etdirir.
ADB, həmçinin region üzrə ÜDM artımı proqnozunu da yenidən nəzərdən keçirib. Belə ki, bank 2025-ci ildə ÜDM artımının 5,5 % (əvvəlki proqnoz – 5,4 %), 2026-cı ildə isə 5,1 % (əvvəlki proqnoz – 5 %) səviyyəsində olacağını gözləyir.
"Bu, Qazaxıstanda daha güclü artım trayektoriyasını əks etdirir. Digər ölkələrdə artım göstəriciləri erkən gözləntilərə uyğundur. Ermənistan iqtisadiyyatı kəskin şəkildə yavaşlayıb, sənaye istehsalının azalması səbəbindən 2025-ci ilin yanvar-aprel aylarında artım ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 %-dən 4,4 %-ə düşüb. Azərbaycanda iqtisadi artım karbohidrogen hasilatının azalması səbəbindən 2025-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 %-dən 1,5 %-ə düşüb", - bankın materiallarında vurğulanıb.