Futbol üzrə İrlandiya millisinin və “Brayton”un hücumçusu Evan Ferquson bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
“Canavarlar” 20 yaşlı forvardı İngiltərə klubundan qarşıdakı mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüblər. Romalılar Evanın bir mövsümlük icarəsi üçün “Brayton”a 3 milyon avro ödəyəcəklər. İrland futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Evan Ferquson peşəkar karyerasına İrlandiyanın “Bohemians” klubunda başlayıb. 2021-ci ildən “Brayton”da forma geyinən gənc forvard bu klubun əsas komandasında 80 oyuna 17 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Evan bir müddət “Vest Hem”də də icarədə oynayıb.
İrlandiyanın U-15, U-16, U-17 və U-21 yığmalarında forma geyinmiş Evan 2022-ci ildə ölkəsinin əsas millisində debüt edib. O, yığma komandanın heyətində 22 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı forvardın transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.



