Süni intellektin proqram təminatının hazırlanması sahəsində insanları əvəz edəcəyi ilə bağlı narahatlıqlar hələ də davam edir. Lakin hazırkı mərhələdə insanlar süni intellekt modellərindən daha yaxşı kod yaza bilirlər.
Valyuta.az xəbər verir ki, polşalı proqramçı Prjemislav Dembyak qısa müddət əvvəl, bəlkə də mümkünsüz hesab edilən bir uğura imza ataraq "OpenAI"ın inkişaf etmiş yapay zəka modelini birbaşa proqramlaşdırma yarışında məğlub edib. Bununla belə, 10 saatlıq marafon onu tamamilə taqətdən salıb.
Polşadan proqramlaşdırma üzrə mütəxəssis Prjemislav Dembyak yarışda "Psyho" ləqəbi ilə çıxış edərək Tokio şəhərində keçirilən "2025 AtCoder Dünya Turu Finalı" çərçivəsində təşkil olunan "Hevristik yarış"da "OpenAI"ın xüsusi yapay zəka modelini geridə qoyaraq birinciliyi qazanıb.
Yaponiyanın qlobal proqramlaşdırma reytinqlərini aparan və rəqabətli yarışlara ev sahibliyi edən "AtCoder" platforması bu dəfə ilk dəfə olaraq dünya çempionatı səviyyəsində bir yapay zəka modelini ən yaxşı proqramçılarla birbaşa üz-üzə gətirib. Tədbirdə ChatGPT-nin istehsalçısı olan "OpenAI" sponsor qismində iştirak edib və "İnsanlar və süni intellekt" adlı xüsusi nümayiş yarışında öz modelini insanlara qarşı sınağa çəkib. Yorulmaz təbiətinə baxmayaraq, süni intellekt bu dəfə insanlara məğlub olaraq ikinci yeri tutub.
Yarışın yekun nəticələrinə əsasən, "Psyho" 1.812.272.558.909 xal toplayaraq birinci olub. "OpenAI"ın o3 modelinə bənzər xüsusi simulyasiya edilmiş məntiqi təfəkkür sisteminə malik süni intellekt isə 1.654.675.725.406 xalla ikinci yerdə qərarlaşıb. Bu da təxminən 9,5 faiz fərq deməkdir.
Qeyd edək ki, "OpenAI"ın Süni iştirakçısı ilboyu keçirilən seçmə mərhələlərdə kifayət qədər xal toplayaraq finala yüksəlmiş 10 insan proqramçısını geridə qoyaraq ümumi sıralamada ikinci olub.
Paşa Məmmədli