Nüvə silahlarının istehsalı və saxlanmasına cavabdeh olan ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) Çin hakerlərinin kiberhücumuna məruz qalıb.
KONKRET.az bildirir ki, bu barədə Microsoft-un məlumatında deyilir.
Bloomberg yazır ki, kibertəhlükəsizlik üzrə ekspertlər artıq enerji, hökumət, təhsil və konsaltinq sektorlarında çalışan 60 təşkilatın yüzdən çox serverinə sızma aşkar ediblər. Hakerlər həmçinin Avropadan Yaxın Şərqə qədər hökumət sistemlərini sındırmaq üçün SharePoint-dəki boşluqdan istifadə ediblər.
Microsoft-un öz bloqunda bildirdiyi kimi, Çin tərəfindən dəstəklənən Linen Typhoon və Violet Typhoon qrupları tərəfindən həyata keçirilən hücum, öz şəbəkələrində istifadə edən müştəriləri risk altına qoyub. Proqramdakı boşluqdan Çinin Storm-2603 haker qrupu da istifadə edib. Hücum iyulun 7-də başlayıb.
Vəziyyətlə tanış olan şəxs Bloomberg-ə bildirib ki, ABŞ Enerji Departamentinin bir hissəsi olan NNSA hədəfə alınan təşkilatlar arasında olub. Agentlik digər şeylərlə yanaşı, nüvə silahlarının istehsalı, saxlanması, təmiri, daşınması və utilizasiyasına cavabdehdir. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrini sualtı qayıqlar üçün nüvə reaktorları ilə təmin edir və radioloji fövqəladə hallara cavab verir.
Bloomberg-in mənbəsinin bildirdiyinə görə, haker hücumu nəticəsində heç bir məxfi və ya həssas məlumat ələ keçirilməyib.
Enerji Departamentinin sözçüsü SharePoint müdaxilə cəhdlərinin departamentə iyulun 18-də təsir göstərməyə başladığını, lakin onun mənfi təsiri məhdudlaşdıran Microsoft buludundan istifadə etdiyini söyləyib.
Hücum həmçinin ABŞ Təhsil Departamenti, Florida Büdcə Ofisi və Rhode Island Qanunvericilik orqanının serverlərinə də təsir edib.
Müşviq Tofiqoğlu
KONKRET.az