AZ

Kürdəmirdə 8 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Kürdəmir rayonunun Cəyli kəndində təşkil olunan məclisdən sonra səhhətində problem yaranan 8 sakin təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyulun 23-ü saat 02:40 radələrində zəhərlənmə şübhəsi ilə 4 qadın və 4 kişi hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran regional bölməsinin rəisi Gündüz Qənbərov AZƏRTAC-a bildirib ki, hadisənin səbəblərinin araşdırılması üçün aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülür: “Hadisə yerinə baxış keçirilib. Hadisənin başvermə şəraiti, mümkün səbəblər və digər aspektlər üzrə müvafiq araşdırmalar aparılır. İlkin ehtimala görə, zəhərlənməyə ev şəraitində tələblərə riayət olunmadan hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qida məhsulları səbəb ola bilər”.

Faktla bağlı araşdırma davam etdirilir. Yekun nəticənin araşdırma başa çatandan sonra açıqlanacağı bildirilir.

Seçilən
82
yeniazerbaycan.com

1Mənbələr