AZ

Nərimanov rayonunda Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib

22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyası  Nərimanov rayon təşkilatının və “Peşə təhsili və insan kapitalı” jurnalının birgə təşkilatçılığı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Akt zalında “Əkinçi” qəzetinin 150 illik yubileyi çərçivəsində “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi” adlı tədbir keçirildi.

Tədbirdə  Peşə Təhsili üzrə Dövlət Agentliyinin, YAP Nərimanov rayon təşkilatının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, jurnalın redaksiya heyətinin üzvləri və  peşə təhsili müəssisələrinin əməkdaşları  iştirak edirdi.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyevin giriş nitqindən sonra  “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev Azərbaycan Milli Mətbuatının inkişaf yoluna ekskursiya edərək “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımızın dünəni və bu günü barədə geniş və əhatəli təqdimat etdi.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov,  Təhsil TV-nin direktoru Jalə Əliyeva, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Rəsul Əsgərov, Azərbaycan Pedaqoji Universitetinin professoru, jurnalın redaksiya heyətinin üzvü Müseyib İlyasov və jurnalın redaksiya heyətinin üzvü Yusif Axundov çıxış edərək bu əlamətdar gün münasibətilə jurnalın kollektivini və bütün mətbuat işçilərini təbrik etdilər.

Sonda Milli Mətbuat günü münasibətilə “Peşə təhsili və insan kapitalı” jurnalının yaradıcı kollektivi Elm və Təhsil Nazirliyinin, YAP Nərimanov rayon təşkilatının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Diplom və Fəxri Fərmanları ilə təltif edildilər.

Seçilən
84
yeniazerbaycan.com

1Mənbələr