Rusiya nümayəndə heyəti çərşənbə günü axşam Moskva ilə Kiyev arasında birbaşa danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula yola düşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu danışıqların ikinci raundu zamanı tərəflərin mübadilə etdikləri memorandumların layihələri, eləcə də qarşılıqlı mübadilə prosesinin davam etdirilməsi ilə bağlı məsələlər olacaq.
O əlavə edib: “Lazım gələrsə, təbii ki, hər hansı digər məsələlər də qaldırılacaq. Belə qərarlar nümayəndə heyətlərinin rəhbərləri tərəfindən veriləcək. Nümayəndə heyətimizə həmkarımız Medinski başçılıq edir, onun tərkibində heç bir dəyişiklik yoxdur, eyni heyətdir”.
Peskov, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iki ölkə liderlərinin görüşünün hazırlanmasını müzakirə etmək niyyəti ilə bağlı bəyanatını şərh edib.
O deyib: “Memorandumların razılaşdırılması üçün görülməli olan bütün işlər görüşün hazırlanması deməkdir. Bu baxımdan, bəli. Amma bütün bu mürəkkəb işləri görmədən, təfərrüatlı şəkildə görüşü təyin etmək çətin ki, məqsədəuyğundur. Əks halda, biz ən yüksək səviyyədə bu qeyri-mükəmməl, çox mürəkkəb və olduqca intensiv işi görməli olacağıq”.