Azərbaycan Respublikasının Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hüquqi Təşkilatlar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” adlı layihə uğurla davam edir.
Moderator.az xəbər verir ki, növbəti tədbir Ağcabədi rayonunda keçirilmişdir. Rayonda fəaliyyət göstərən sahibkarların, məmurların, bələdiyyə üzvlərinin, media nümayəndələrinin və QHT-lərin iştirak etdiyi tədbiri açan Ağcabədi rayon İcra hakimiyyəti başçısının müavini Töğrul Bünyatov “Konstitusiya və Suverenlik ilində ölkəmizdə, eləcədə rayonda keçirilən tədbirlər haqqında məlumat verdi, insan hüquqlarını, o cümlədən mülkiyyət hüququnun qorunmasında Rəqabət Məcəlləsinin rolunu qeyd etdi. T.Bünyatov rayonda sahibkarlığın inkişafına göstərilən qayğıdan danışdı, QHT tərəfindən aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini bildirdi, Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinə təşəkkür etdi.

Layihənin rəhbəri “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri, BDU-nun dosenti Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, icra etdiyi layihələr, regionlarda görülən işlər barədə qısa məlumat verdi. Koorupsiyanın dünyada geniş yayılmış ictimai bəla olduğunu bildirən məruzəçi ona qarşı dövlətimizin həyata keçirdiyi tədbirlərin, qəbul edilən qanunların mahiyyətini izah etdi, korrupsiyaya qarşı mübarizə aparılmasını, bu prosesdə ictimaiyyətin iştirakını qeyd etdi. Dövlət rəhbərinin dövlət orqanlarının və məmurların fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi haqda tövsiyə və tapşırıqlarını xüsusi olaraq vurğuladı. Rəqabət Məcəlləsinin qəbulunun inhisarçılığa, özbaşnalığa qarşı mühüm bir vasitə olduğunu, ədalətli rəqabət mühitinin formalaşmasında rolunu göstərdi. Kiçik və Orta sahibkarlığa kömək Agentliyinin Ağcabədi üzrə KOB Dostu Mədət Abbasov Rəqabət Məcəlləsinin qəbulunun əhəmiyyətini vurğuladı, onun sahibkarlığının, azad bazarın inkişafına köməyini izah etdi. M. Abbasov qəbul edilən qanunların, dövlət proqramlarının, siyasi proritetlərini ictimaiyyətə və xüsusən də sahibkarlara daima izah edilməsini, belə maarifçilik tədbirlərinin zəruriliyini qeyd etdi.
“İqtisadiyyatın inkişafında Rəqabət Məcəlləsinin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Əli Sadıqov mülkiyyət hüquqlarının qorunmasında, inhisarçılığın aradan qaldırılmasında, azad bazar münasibətlərinin inkişafında yeni qəbul edilən Rəqabət Məcəlləsinin əhəmiyyətini izah etdi.
Layihənin eksperti, hüquqşünas Aydın Kərimov “Korrupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi, ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi” adlı məruzəsində mülkiyyət münasibətlərinə mane olan amilləri göstərdi, onların aradan qaldırılması ücun Rəqabət Məcəlləsinin verdiyi imkanları izah etdi.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədr müavini, hüquqşünas Tofiq Həsənov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “inhisarçılıq hərəkətləri və rəqabətin məhdudlaşdırılması” adlanan 199-cu maddəsinin mahiyyətini izah etdi. Belə əməllərə görə tətbiq edilən cəzanın ağırlaşdırıldığını bildirdi.
Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev dövlətin siyasətini düzgün anlamaq, onu qanunauyğun həyata keçirmək üçün məmurların mənəvi-əxlaqi səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirdi, bu işdə pedaqoji kollektivlərin vəzifələrinə, bu tipli maariflndirmə tədbirlərinin xüsusi əhəmiyyətinə toxundu.
Tədbir iştirakçılarına korrupsiya ilə mübarizə və rəqabət qanunvericiliyi haqda normativ hüquqi sənədlərin surətləri paylandı, onlar arasında sosial sorğu keçirildi.
Dinləyicilərin çoxsaylı sualları cavablandırıldı, üzləşdikləri problemlərlə bağlı məsləhət və tövsiyələr verildi.