AZ

Bakı və İrəvan sülh müqaviləsinin bir addımlığındadır - MÜSAHİBƏ

BAKI, 23 iyul. TELEQRAF

Politoloq Zərdüşt Əlizadə Teleqraf-a ABŞ-in Azərbaycanla Ermənistan arasında sülh gündəliyi və Zəngəzur dəhlizinə dair son zamanlar ard-arda verdiyi mesajlardan danışıb.

Onunla müsahibəni təqim edirik:

- Zərdüşt bəy, Azərbaycanla Ermənistan arasında sülhə dair ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamlar daha çox diqqəti cəlb edir. Bunun fonunda Amerikanın idarəçiliyində Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlamalar verilir. Ağ Evin Cənubi Qafqazda artan marağı nə ilə bağlıdır? Bunun arxasında hansı maraqlar dayanır?

- Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı son 30 ildə ABŞ-in ermənilərə tərəf olan münasibəti hər kəs bəlli idi. Lakin indi yanaşmalar dəyişib. Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin bölgədə təsir imkanları zəifləyib. Ona görə də Amerika Rusiyanı bölgədən tamamilə çıxartmaqda qərarlıdır. Bunun üçün də Vaşinqton özü üçün ən gözəl vasitə kimi Azərbaycanla Ermənistan arasında sülh prosesində yer almağı seçib. Amma Amerikanın iştirakı olmadan da Bakı və İrəvan sülh müqaviləsinin bağlanmasının bir addımlığındadır. Bu mənada Ağ Evin bu məsələdə rolu sıfıra bərabərdir. Ona görə də Trampın “biz möcuza yaratdıq, Azərbaycanla Ermənistan arasında sülhə nail olduq” kimi açıqlamaları heç də birmənalı fikiri ifadə etmir.

- Zəngəzur dəhlizi ətrafında artan müzakirələr nə ilə bağlıdır?

- Amerika tərəfindən Zəngəzur dəhlizinin 99 illiyinə icarə əsasında açılması ilə bağlı səslənən fikirlər buna hesablanıb. Vaşinqtonda iddia edirlər ki, uzun müddət aralarında düşmənçiliyi olan, bir-biri ilə dil tapa bilməyən azərbaycanlılarla ermənilər arasında məhz bu dəhliz kontekstində vasitəçilik etsinlər. Burada Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha önə çıxır. Sözsüz ki, bu yalnız Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasındakı əlaqəni bərpa etmək demək deyil. Zəngəzur dəhlizi oldu-olmadı Azərbaycanla Naxçıvan arasında bağlantı var. Zəngəzur yolu Avropa ilə Çin, Mərkəzi Asiya ölkələri arasında nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi ola bilər. Amerikanın da bu məsələdə öz maraqları var. Vaşinqton Avropa Birliyini və Çini zəiflətmək istəyir. Bu baxımdan onlar arasındakı bağlantının bir hissəsinin Amerika şirkətinə həvalə edilməsinə çalışır. Bu baş versə, Ağ Evin əsas planı işə düşmüş olacaq.

- Ağ Evin dəhlizlə bağlı təklifinə Azərbaycanın və Ermənistanın yanaşması necədir?

- Azərbaycan dövləti bu məsələyə qarışmır. Ermənistan özü bu məsələ ilə bağlı iradəsini nümayiş etdirməlidir. Baş nazir Nikol Paşinyan üçün indi sınaq zamanıdır. O, Amerikanın təklifini qəbul edib, asılılığı qəbul etməsə, Ağ Evin qəzəbinə tuş gələcəyini də bilir. Amerika belə olacağı halda Ermənistana maddi dəstəyi dayandıra bilər.

- Çıxış yolu nədir?

- İrəvan üçün yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən ibarətdir. Bu münasibətlər tənzimlənsə, Ermənistan dövlətinin təhlükəsizliyi tam təmin olunacaq. Ermənilər bu sadə həqiqəti anlasalar, Amerikaya yox deyəcəklər.

- İranın və Rusiyanın bu məsələyə münasibəti necə olacaq?

- Tehran heç vaxt razı olmaz ki, Amerika gəlib onun şimalında olan bir ərazini nəzarətə götürsün. İran buna yol verməyəcək. Rusiya da buna razı olmayacaq. İran və Rusiya bu məsələdə birlikdə hərəkət etsə, ABŞ okeanın o tayından gəlib Ermənistanın təhlükəsizliyini təmin edəsi deyil. Ona görə də Azərbaycanla Ermənistan öz aralarında bu yolun istifadəsi məsələsini həll etməlidir. Kənardan gələn üçüncü tərəf burada ancaq öz maraqlarını ortaya qoyacaq.

Seçilən
62
teleqraf.com

1Mənbələr