AZ

"İsrailin blokadası nəticəsində Qəzzada kütləvi aclıq hökm sürür" - "Reuters"

 
"İsrail BMT və digər qurumlara humanitar yardımı Qəzza bölgəsinə daşımağa icazə vermir..."
 
100-dən artıq beynəlxalq humanitar təşkilat iyulun 22-23-də birgə bəyanat yayaraq, Qəzza bölgəsində kütləvi aclığın qarşısını almaq üçün təcili və davamlı atəşkəs, həmçinin bütün humanitar yardım keçidlərinin dərhal açılmasını tələb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, 111 beynəlxalq humanitar təşkilat, o cümlədən "Sərhədsiz Həkimlər", "Save the Children", "Oxfam" və Almaniyanın "Caritas" kimi qurumları xəbərdarlıq edir: yardım var, anbarlardadır, amma bu yardım əhaliyə çatmır,  səbəb isə İsrailin təşkil etdiyi blokadadır.
 
Yüzlərlə yardım maşını günlərlə sərhəddə qalır, çünki BMT və digər qurumlara bu yardımı bölgəyə daşımaq üçün icazə verilmir. Hətta BMT əməkdaşları da Qəzzada aclıq içində yaşayanlarla birgə eyni növbələrdə gözləməli olur. Bu, sadəcə logistika problemi deyil, planlaşdırılmış humanitar bir iflasdır.
 
Boş bəhanələr və günahın ötürülməsi
 
İsrail Müdafiə Nazirliyinə tabe olan COGAT qurumu bildirir ki, Qəzzada 950 yardım maşını hazır vəziyyətdə gözləyir və "BMT gəlib götürsün". Onların versiyasına görə, artıq 4500 maşın əraziyə daxil olub, içində un, uşaq qidası, dərman var. Amma fakt odur ki, bu yardımlar bölgəyə paylanmır və insanların aclıqdan ölməsi real təhlükəyə çevrilib.
 
BMT isə gecikmələrin səbəbini açıq şəkildə göstərir: İsrail hərbçiləri humanitar yardımın ötürülməsi üçün zəruri icazələri vermir. Məsələn, karvanların HƏMAS polisi tərəfindən müşayiət olunması və ya rabitə vasitələrinin daşınmasına icazə verilməsi kimi tələblər qarşılıqlı razılığa mane olur. Bu isə yardımın daşınmasını tam şəkildə iflic edir.
 
"Günahkar HƏMAS-dır" arqumenti siyasi alverdir
 
İsrail rəsmiləri aclığın yayılması ilə bağlı beynəlxalq reaksiyanı "HƏMAS-ın təbliğatı" adlandırır və bunun girov müzakirələrinə təzyiq məqsədi daşıdığını deyir. Bu cür açıqlamalar, əslində, riyakarlığın nümunəsidir: bir tərəfdən Qəzzaya minlərlə ton yardım göndərdiklərini bəyan edirlər, digər tərəfdən həmin yardımların insanlara çatmasının qarşısını alırlar. HƏMAS-ın sui-istifadə ehtimalı bəhanəsi altında bütün bir xalq cəzalandırılır.
 
BMT-nin Qəzzadakı UNRWA agentliyi açıq şəkildə bildirir: bölgədə üç aydan çox dövr üçün kifayət edəcək qədər ərzaq ehtiyatı var, amma bu ehtiyatlar sərhəddə saxlanılır. Agentliyin rəhbəri Filippo Lazzarini yeni yaradılmış "Qəzza Humanitar Fondu"nu isə "sadist bir tələ" adlandırır və bu fondla işləməkdən imtina edir. Bu fond ABŞ və İsrailin təşəbbüsü ilə qurulub və məqsədi yardımın HƏMAS-a çatmasının qarşısını almaq olsa da, nəticədə yardım ümumiyyətlə heç kimə çatmır.
 
Təl- Əviv dünyanın çağırışına məhəl qoymur
 
Təşkilatların çağırışında bir mühüm fikir də var: "Mülki əhali arasında aclıq yaratmaq müharibə cinayətidir". Beynəlxalq ictimaiyyət, humanitar qurumlar, BMT - hamısı eyni şeyi deyir: "Blokadanı dayandırın, atəşkəsə razılaşın, yardımın paylanmasına imkan verin!" Amma İsrail bu çağırışlara ya cavab vermir, ya da günahı başqasının üstünə atmaqla kifayətlənir.
 
Bugünkü reallıq budur: Qəzzada insanlar aclıqdan ölür, yardım isə yalnız İsrailin icazəsinə görə gözləyir. Bu isə sadəcə humanitar böhran deyil, siyasi riyakarlığın, beynəlxalq hüquqa hörmətsizliyin və insan həyatına qarşı etinasızlığın ən çılpaq ifadəsidir.
Seçilən
92
moderator.az

1Mənbələr