AZ

Azərbaycan neftinin çirkləndiyi aşkar edilib - RƏSMİ

BTC  neft kəməri ilə ixrac edilən neftin tərfibində xlororganik maddələr aşkarlanıb. Bu barədə Anews.az-a BP-dən məlumat daxil olub.

"BP şirkəti bəzi partiyalarda xlororganik maddələrə rast gəlinməsi səbəbindən Azeri BTC markalı neftin keyfiyyətinin aşağı düşməsi barədə məlumatlandırılıb. Artıq yoxlanılan və təmiz çıxan neftin Ceyhan limanından yükləmələri davam edir, BTC boru kəməri ilə də ixrac prosesində fasilələr yoxdur",  -  BP məlumatında bildirilib.

Şirkət hazırda boru kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətini qiymətləndirdiyini də əlavə edib.

Çərşənbə axşamı mənbələr bildirib ki, bəzi Azeri BTC partiyalarında xlororganik maddələrin normadan artıq səviyyədə olduğu  aşkarlanıb və bu, Ceyhan limanından bu növ neftin yüklənməsində fasilələrə səbəb olub.

SOCAR  bu məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.

Bu məlumatların fonunda çərşənbə axşamı Platts ticarət platformasında Azeri BTC qarışığının qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Avqustda Ceyhan limanından Azeri BTC markalı neftin ixracı 17,3 milyon barrel həcmində planlaşdırılıb ki, bu da iyul  üzrə planlaşdırılan 17,4 milyon barreldən cüzi azdır.

Azeri BTC qarışığı qlobal bazara BTC boru kəməri vasitəsilə çatdırılır. Bu boru kəmərinin operatoru Böyük Britaniyanın BP şirkətidir. BTC sisteminə texniki olaraq Qazaxıstan, Türkmənistan və Rusiyadan da neft daxil edilə bilər.

Qazaxıstan nefti, əsasən Tenqiz yatağından, BTC vasitəsilə nəql olunmaq üçün Aktau limanından Xəzər dənizi ilə Bakıya tanker vasitəsilə çatdırılır.

Hal-hazırda Qazaxıstan neftinin BTC istiqamətində yüklənməsi plana uyğun şəkildə, fasiləsiz davam edir, deyə limandakı mənbə Reuters-ə bildirib.

Qazaxıstan Energetika Nazirliyi və Tenqizin operatoru “Tengizchevroil” Reuters-in şərh sorğusuna operativ cavab verməyib.

Qazaxıstan neftinin BTC ilə ixracı 2025-ci il yanvar-iyununda ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 785.000 tona çatıb. Bu barədə KazTransOil məlumat yayıb.

Qazaxıstanın dövlət neft şirkəti “KazMunayGas” daha əvvəl bildirib ki,  2025-ci ildə neftin nəqlini 1,7 milyon tondan  2,2 milyon tona qədər artırmaq  barədə saziş imzalayıb.

SOCAR-ın məlumatına əsasən, BTC boru kəməri Qazaxıstandan ildə maksimum 2,2 milyon ton neft qəbul edə bilər. Bu da neftin keyfiyyəti ilə əlaqədardır.

BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir. Bu kəmərlə neft  Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdırır və oradan tanker vasitəsilə dünya bazarına yola salınır.

Boru kəmərinin sutkalıq ixrac gücü 1,2 milyon barreldir.

N.Təbrizli

 

Seçilən
76
1
anews.az

2Mənbələr