AZ

"İran İsrailin yeni hücumlarına hazırdır" - Pezeşkian

 
"Bizim nüvə proqramımız davam edəcək və beynəlxalq hüquqa uyğun şəkildə inkişaf etdiriləcək..."
 
İran prezidenti Məsud Pezeşkian İsrailə qarşı növbəti sərt xəbərdarlıqla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Əl-Cəzirə" telekanalına verdiyi müsahibəsində bəyan edib.
 
Pezeşkian açıq şəkildə bəyan edib ki, əgər İsrail bir daha İran ərazisinə hərbi hücum etsə, Tehranın cavabı gecikməyəcək. "Biz hər cür hərbi addıma hazırıq və lazım gələrsə, yenidən İsrail ərazisinə zərbələr endirəcəyik". Pezeşkian sülhün davamlı olacağına inanmadığını da vurğulayıb: 
 
 
"Biz müharibə istəmirik, lakin bu atəşkəsin daimi olacağını da düşünmürük". Onun sözlərinə görə, son münaqişə zamanı hər iki tərəf ağır zərbələr endirib, lakin İsrail öz itkilərini cəmiyyət və dünya qarşısında gizlədir. "İsrail bizim raket zərbələrimizin təsiri barədə danışılmasına imkan vermir, amma onların atəşkəs tələb etməsi çox şeyi deyir", - İran prezidenti əlavə edib.
 
Təhlükəli silsilə və "nüvə illüziyası"
 
İsrailin iyunun 13-nə keçən gecə başladığı hərbi əməliyyata cavab olaraq İran qısa müddətdə cavab zərbələri endirib. Bu qarşıdurma cəmi bir həftə içində genişlənib. iyunun 22-də ABŞ birbaşa münaqişəyə qatılaraq İranın Fordo, Natanz və İsfahan bölgələrindəki nüvə obyektlərinə zərbələr endirib. 
 
Bir gün sonra İran Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük hərbi bazası sayılan "Əl-Üdeyd" aviabazasını hədəfə alıb. Hadisələrin bu cür eskalasiyasından sonra iyunun 24-də ABŞ prezidenti Donald Tramp vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs razılaşdırılıb.
 
Lakin Pezeşkianın son açıqlamaları göstərir ki, Tehran bu razılığı uzunmüddətli sülh yox, daha çox hərbi fasilə kimi görür. İran prezidenti həmçinin nüvə proqramına dair yayılan "təslimolma" fikirlərini rədd edib: "Bizim nüvə potensialımız binalarda yox, alimlərimizdədir. Bu proqram davam edəcək və beynəlxalq hüquqa uyğun şəkildə inkişaf etdiriləcək".
 
Rusiya ilə yaxınlaşma - geosiyasi mesaj
 
Eyni zamanda, İranın ali dini lideri Əli Xameneinin xüsusi elçisi Əli Laricaninin Rusiya prezidenti Vladimir Putinlə görüşü də diqqətdən yayınmayıb. Laricani bu görüşdə Tehranın regional və beynəlxalq proseslərə dair baxışlarını, eləcə də ikitərəfli münasibətləri müzakirə edib. Bu diplomatik jest həm Vaşinqtona, həm də Təl-Əvivə İranın yalnız olmadığını göstərmək məqsədi daşıyır.
 
Regionda barıt qoxusu qalır
 
Hazırkı vəziyyət son illərin ən təhlükəli Yaxın Şərq gərginliyini əks etdirir. İsrailin preventiv hərbi doktrinası ilə İranın ideoloji və geosiyasi strategiyasının toqquşduğu bir şəraitdə bu atəşkəsin hansı tərəfin ilk atəşilə pozulacağı yalnız zaman məsələsidir. Pezeşkianın səmimi, amma sərt ritorikası isə onu göstərir ki, İran bu dəfə təkcə cavab verməyə yox, qabaqlamağa da hazırdır.
Seçilən
42
moderator.az

1Mənbələr