“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Ermənistanın Qarabağ ərazisində basdırdığı minalar təkcə mülki insanlar üçün deyil, həm də ətraf mühit və ekosistem üçün ciddi təhlükə yaradır.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, əvvəllər 50-100 min mina olduğu ehtimal olunsa da, işğaldan azad edilən ərazilərdə bu rəqəmin 1,5 milyona çatdığı müəyyən edilib:
"2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra yeni minalanmış ərazilər aşkar edilib və bu da problemin miqyasını daha da artırıb. Hökumət minatəmizləmə işlərini prioritet elan edib, ANAMA yenidən qurulub və aidiyyəti dövlət qurumları bu işə cəlb olunub. Eyni zamanda, dörd kommersiya qurumu da təmizləməyə qoşulub. Qurum hazırda kasetli silahların tədqiqi ilə bağlı layihə həyata keçirir. Monitorinqlər nəticəsində bu silahların və minaların çoxsaylı nümunələri aşkar edilib, nəticədə çoxsaylı insan tələfatı və yaralanmalar baş verib. Rəsmi məlumatlara əsasən, 10 noyabr 2020-ci ildən bu günə qədər mina və partlamamış hərbi sursatlar nəticəsində 399 nəfər zərər çəkib, onlardan 70-i həyatını itirib. Ermənistan bu məsələyə görə beynəlxalq səviyyədə məsuliyyət daşımalıdır".
Pərvanə Fəradqızı