Qahirə, 23 iyul, AZƏRTAC
Bu gün yüzdən çox qeyri-hökumət təşkilatı Qəzzada kütləvi aclıq təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq edib. Bununla paralel olaraq, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun Qəzzaya humanitar yardım dəhlizinin açılması məqsədilə son danışıqları aparmaq üçün Avropaya səfər edəcəyi bildirilib.
AZƏRTAC bu barədə “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir. Bildirilir ki, İsrail və Həmas arasında yenidən alovlanan toqquşmalar, eləcə də İsrailin intensiv hücumları nəticəsində Qəzzada humanitar fəlakət misli görünməmiş səviyyəyə çatıb.
Qəzzada humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün beynəlxalq çağırışlar artıb. BMT-nin Baş katibi Antonio Quttereş müharibə nəticəsində Qəzzada baş verən dağıntıları və tələfatı həcminə və sayına görə “müasir tarixdə görünməmiş” adlandırıb. “Qida çatışmazlığı daha da kəskinləşir, aclıq Qəzzada bütün qapıları döyür”, - deyə Quttereş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı vurğulayıb.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen yardım paylanması zamanı Qəzzada öldürülən mülki şəxslərin görüntülərinin “dözülməz” olduğunu bildirib.
Həmçinin Dohada olan vasitəçilər Həmasın geriçəkilmə xəritələrini, ərzaq yardımı və məhbus mübadiləsi ilə bağlı cavabını hələ də gözləyir. İsrailin Baş naziri Benyamin Netanyahu isə Həmas təslim olmayacağı təqdirdə, Qəzzaya qarşı müharibənin dayanmayacağı ilə hədələyib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə