Bakı, 23 iyul, AZƏRTAC
Son illər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya strategiyasında mühüm dəyişikliklər müşahidə olunur. Fondun əsas gəlir mənbəyi hələ də neft və qaz sektorudur. Lakin investisiya portfelinin strukturunda şaxələndirmə istiqamətində ciddi addımlar atılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli məlumat verib.
Ekspert bildirib ki, 2023-cü ilin sonunda Fondun portfelinin 58 faizi istiqrazlardan ibarət olduğu halda, 2025-ci ilin birinci rübünün sonunda bu göstərici 42,6 faizə enib. Bir il üç ay ərzində istiqrazların portfeldəki payı təxminən 15 faiz azalıb. Əvəzində isə diqqətçəkən əsas dəyişiklik qızıl aktivlərində baş verib. 2023-cü ilin sonunda qızıl portfelin 12 faizini təşkil edirdisə, 2025-ci ilin ilk rübündə bu göstərici 25,8 faizə yüksəlib. Yəni, təxminən iki dəfə artım qeydə alınıb.
Səhm və daşınmaz əmlak portfellərində ciddi dəyişikliyin olmadığını söyləyən Xalid Kərimli vurğulayıb: “Səhm portfeli 2023-cü ilin sonunda 24,3 faiz idisə, 2025-ci ilin ilk rübündə bu, 24,8 faizə qədər cüzi artıb. Daşınmaz əmlakın payı isə müvafiq dövrlərdə 6 faizdən 6,8 faizə yüksəlib. Lakin əsas diversifikasiya meyli məhz qızıl yatırımlarında müşahidə olunur. Bu da dünyada artan geosiyasi və iqtisadi risklər fonunda qızılın daha etibarlı aktiv kimi önə çıxması ilə bağlıdır”.
Ekspert qeyd edib ki, Neft Fondunun portfelində həm birja səhm investisiyalarına, həm də birbaşa xarici şirkətlərə pay yatırımları müşahidə olunur: “Məsələn, “Infinity Global” şirkəti ilə əməkdaşlıq çərçivəsində İtaliyada alternativ enerji generasiyasına qoyulan investisiya məhz bu strategiyanın tərkib hissəsidir. Burada həm real sektora yönəlmiş sərmayə var, həm də İtaliya ilə strateji tərəfdaşlıq kontekstində iqtisadi əlaqələrin möhkəmlənməsi amili nəzərə alınır”.
Xalid Kərimlinin fikrincə, ARDNF-in İtaliyada alternativ enerji layihələrinə yatırım etməsi həm də geosiyasi və iqtisadi məntiqlə uzlaşır: “İtaliya Azərbaycanın neft və qazının əsas alıcılarından biridir. Transadriatik boru kəməri (TAP) vasitəsilə birbaşa İtaliyaya qaz ixracı həyata keçirilir. Ümumilikdə İtaliya ilə ticarət dövriyyəmiz Avropa İttifaqı ölkələri arasında ilk sıralardadır. Belə olan halda, Fondun məhz alternativ enerjiyə, Avropanın gələcək enerji siyasətində prioritet olan sahəyə yatırım etməsi strateji addım kimi qiymətləndirilməlidir”.
Ekspert əlavə edib ki, Avropa İttifaqı alternativ enerji sektoruna subsidiyalar ayırır və bu sahəyə böyük siyasi dəstək verir. Bu da həmin investisiyaların uzunmüddətli gəlirlilik və sabitlik baxımından perspektivini artırır.
Sonda iqtisadçı vurğulayıb ki, Fondun əsas gəlir mənbəyinin hələ də neft və qaz sektoru olmasına baxmayaraq, investisiya portfelinin şaxələndirilməsi və risklərin diversifikasiyası məqsədilə həm qızıla, həm də real sektora yönəlmiş sərmayələrin artırılması ümumi dayanıqlıq strategiyasının mühüm hissəsidir.