AZ

Xəzərdə təlim fırtınası

Xəzər dənizində, Azərbaycan sahilləri boyu Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında “xilasetmə” (CASAREX2025), “yanğınsöndürmə”, “aerofoto” (Photo Ex) qrifli tam açıq, bəlkə də tam məxfi təlimlər start götürüb, hələ də davam edir.Kontradmiral Möhsen Rəzzaki mətbuata deyib: “Yanar gəmidən yaralıları təxliyə etmək, təhlükəsiz yerlərə köçürmək baş hədəfimizdir”.

Bu cür xəbər cümlələrində təkcə deyilənlərlə kifayətlənmək olmaz. Gərək mütləq deyilməyənləri də eşidəsən. Həm də bu cür təlimlər vahid rabitə, danışıq xətləri olmadan mümkün deyil. NATO hərbi standartlarında bu cür birgə hərbi manevlərə adətən göydəndüşmə, matah mal deyərlər. Fürsəti qaçırmadan SBX (Sea-Based X-band radar) səyyar radarlarını aktivləşdirərlər. Yalnız bu cür radarlarla birgə Rusiya-İran təlimlərini dinlədikdən sonra əsl həqiqət bizə bəlli olacaq.Bu cür səyyar dəniz radarları neft platformaları üzərində qurulur.Vaxtilə 2002-ci ildə Amerika dəniz piyadaları bu cür (Sea-Based X-band radar) qurğusunu Rusiyada, Viborq gəmiqayırma tərsanələrində tikmişdilər. Əməliyyatın məqsədi Rusiya kəşfiyyatını azdırmaqdıк. Guya... Əslində məhz o zaman ABŞ kəşfiyyatı oxşar Rusiya texnologiyalarının dilinə bələd olub.Donald Trampın ötən günlər Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirməyi, gördüyümüz kimi, tam vaxtında reallaşıb.ABŞ kəşfiyyatı Xəzərdəki bu birgə təlimlərin Axilles dabanına - yəni rabitə kodlarına, koordianatlarına qəşəng bələddir. Yəni biz də Xəzərdə birgə təlimlər keçirə bilərik. ABŞ-la.Rus-İran suda təlimləri (CASAREX2025) “yanğınsöndürmə”, “aerofoto” (Photo Ex) qriflidirsə, bizim ABŞ-la təlimlərimiz SBX, yəni səyyar dəniz dinləmə qurğuları mövzusunda ola bilər.Siyasətdə, feilin gələcək növü yoxdur. Anonslanan xəbər də artıq real xəbər kimi eşidilir bax bu cür SBX radarlarında. Yəni Azərbaycan tərəfi bu cür “qaraqulaqlar”la yaxşı silahlanıb. Yaraqlanıb. Yaxşı bilir əslində nə baş verir Xəzər su akvatoriyasında.İran “əl Qüds” xüsusi təyinatlıları Ənzəlidə vaxtilə Şimali Koreyanın köməyi ilə çox ciddi dəniz bazası yaradıb. Koreyalıların (Yono) mini sualtı qayıqlarını “Qadir” adı ilə kopiyalayıblar. Bu sualtı qayıqlarda SDV (Swimmer Delivery Vehicle) adlanan xüsusi kapsullar var. İçərilərinə təxribatçılar yerləşdirilir, buraxılır qonşu ölkələrin su sərhədlərinə. Dərinliklərinə.Adətən mart aylarında Oman sahillərində Çin-Rusiya-İran formatında dəniz təlimləri keçirilməkdədir. Ruslar çinlilərlə birgə nə vaxtdır Baltik dənizində, Tayvan sahillərində internet kabel xətlərini zədələyirlər. Müxtəlif sualtı əməliyyatlar keçirirlər. Ancaq rusların iranlılarla birgə əməliyyatları indiyədək suüstü idi, sualtı deyildi. Format dəyişibsə, iranlılarla ruslar sualtına da girişiblərsə, demək... Demək, Çin-Rusiya-İran hərbi əməkdaşlığı artıq dərinə gedib. Standatını, formatını dərinləşdirib. Dəyişib. Kodlar da dəyişib. Rabitə xətləri də. ABŞ isə bu standartı qətiyyən qəbul edən deyil.Trampın Azərbaycana tərəf jesti də indi tam anlaşılandır.

P.S. Təlimləri Azərbaycan, Qazaxstan müşahidəçiləri izləyib. Rəsmi məlumatlar bunu gizlətmir.

Seçilən
65
anspress.com

1Mənbələr