AZ

Azərbaycan neft ölkəsindən süni intellektə sərmayə qoyan ölkəyə çevrilir - Əliyev bəyan etdi...


Vüqar Bayramov: “Bu onu göstərir ki, ölkəmiz süni intellektin perspektivini görür və dəyərləndirir”

Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə süni intellektlə bağlı sualı cavablandırarkən qeyd etdi ki, biz buna yeni başlamışıq:

“Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq”.

Burada diqqət çəkən məqam odur ki, zaman-zaman Azərbaycanı yalnız neft-qaz ölkəsi kimi tənqid edirlər. Guya Azərbaycan bir neçə ildən sonrakı qeyri-neft dövrünə hazırlaşmır və s. Prezidentin açıqlamasından məlum olur ki, süni intellekt sahəsinə artıq indidən böyük sərmayələr qoyulur.

“Təbii ki, bütün bunlar həm də iqtisadiyyatın diversifikasiyası üçün yeni imkanlar yaradır”

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan regionda innovativ sahələrə ən çox sərmayə yönəldən ölkələrdən biridir. Bir tərəfdən süni intellektin inkişafı ilə bağlı Azərbaycan tərəfindən həyata keçirilən sərmayə qoyuluşları, digər tərəfdən xüsusən inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə almaqla yeni yanaşmaların tətbiqi önəmli əhəmiyyət kəsb edir. O cümlədən, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin fəaliyyətə başlaması da buna müsbət təsir edir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bir tərəfdən enerji keçidini reallaşdıran ölkələrdəndir. Çünki qeyri-neft sektorunun inkişafı ilə bağlı da bu istiqamətdə addımlar atılır. Başqa bir tərəfdən, təbii ki, insan kapitalına əsaslanan və innovativ sektorlara əsaslanan sərmayə qoyuluşları reallaşdırır. Təbii ki, bütün bunlar həm də iqtisadiyyatın diversifikasiyası üçün yeni imkanlar yaradır. Ona görə də Azərbaycanda həyata keçirilən siyasət birmənalı şəkildə ölkə iqtisadiyyatının şaxələnməsinə, neftdən asılılığın aradan qaldırılmasına və eyni zamanda bu gün qlobal çağırışlar olan süni intellektin inkişafı yolu ilə daha innovativ sənaye məhsullarının inkişafına imkan yaradacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan süni intellektin perspektivini görür və dəyərləndirir. Ona görə də həmin sahəyə artıq böyük investisiyaların qoyulmasına başlanılıb”.

Vidadi ORDAHALLI

phrase_var_article.chosen
13
baki-xeber.com

1phrase_var_article.sources