AZ

COVID-19 pandemiyası səbəbindən hətta xəstələnməyən insanlarda belə beyin qocalıb

Bakı, 23 iyul, AZƏRTAC

SARS-CoV-2 virusunun idrak qabiliyyətlərinə və ümumilikdə beyin sağlamlığına mənfi təsiri alimlər tərəfindən çoxdan qeyd olunurdu, lakin konkret nəticələr hələ də kifayət qədər araşdırılmayıb. Böyük Britaniyanın Nottingem Universiteti və London İmperial Kollecindən olan alimlər pandemiyadan əvvəl və sonra qadınlar və kişilərdə beyin yaşını – orqanizmin bioloji qocalmasının əsas göstəricilərindən birini – qiymətləndiriblər. AZƏRTAC xəbər verir ki, tədqiqatçılar bu məqsədlə “UK Biobank” məlumat bazasındakı sağlamlıq göstəricilərindən və beyin MRT-lərindən istifadə ediblər.

İştirakçılar əvvəlcə iki qrupa bölünüb: birinci qrupa 2020-ci ilin mart ayına qədər beyin skanından keçmiş 45–82 yaş arasında olan 564 nəfər (onların 53 faizi qadındır) daxil edilib. İkinci qrupa isə həm pandemiyadan əvvəl, həm də pandemiya dövründə MRT nəticələri olan qadın və kişilər daxil olunub (ümumilikdə 47–79 yaş arası 432 nəfər). Bu ikinci qrup daha sonra iki altqrupa bölünüb. Birincidə virusa yoluxmuş şəxslər yer alıb (134 nəfər, onların 58 faizi qadındır), digərində isə xəstələndiyinə dair heç bir məlumat olmayan insanlar olub (298 nəfər, 60 faizi qadın). Tədqiqat iştirakçıları heç biri xroniki xəstəlikdən əziyyət çəkməyib.

Aparılan analiz göstərib ki, pandemiya dövrünə aid hər iki altqrupun iştirakçılarında beyin yaşı orta hesabla pandemiyadan əvvəlki qadın və kişilərdən yarım il böyük olub. Qiymətləndirmə zamanı beynin qabıq qalınlığı, boz və ağ maddələrin həcmi, eləcə də bu sahələrdə patoloji dəyişikliklərin olub-olmaması kimi mühüm göstəricilər nəzərə alınıb.

Tədqiqatın bəlkə də ən maraqlı nəticəsi ondan ibarət olub ki, virusa yoluxmamış iştirakçılarda idrak qabiliyyətlərində heç bir dəyişiklik aşkarlanmayıb, halbuki COVID-19 keçirmiş şəxslər test nəticələrinə əsasən daha zəif düşüncə çevikliyi və informasiya emal sürəti nümayiş etdiriblər.

Tədqiqatın müəlliflərinin fikrincə, pandemiyanı yaşamış bütün qadın və kişilərdə beyindəki bu mənfi dəyişikliklər sosial amillərlə bağlı ola bilər: sağlamlıqla bağlı stress və narahatlıq, lokdaun dövründə təcrid, iş itkisi və ya maliyyə çətinlikləri. Alimlər vurğulayıblar ki, bu qənaəti qəti şəkildə təsdiqləmək üçün başqa ölkələrdə əlavə tədqiqatlara ehtiyac var.

Lakin burada bir məqamı da qeyd etmək lazımdır: “yoluxmamışlar” qrupu (araşdırmada bu qrupa “No COVID-19” adı verilib) özlərini sağlam hesab etsələr də, bu, tam dəqiq deyil. Onların bir hissəsində xəstəlik asemptomatik keçmiş ola bilər, bəziləri yüngül formada xəstələnib və həkimə müraciət etməyib, üstəlik pandemiya dövründə həkimlərin də qeyd etdiyi kimi ekspress-testlər kifayət qədər etibarlı deyildi. Bundan əlavə, əvvəlki bir sıra elmi işlər göstərib ki, N-zülalına qarşı antikoru olanların (yəni xəstəliyi keçirmiş, lakin vaksin olunmamış şəxslərin) sayı COVID-19 diaqnozu qoyulmuşlardan dəfələrlə çoxdur.

Bununla belə, alimlərin dünyada ilk dəfə apardığı bu tədqiqat pandemiyanın beyin yaşına təsirini araşdırmaqla yalnız bioloji deyil, həm də sosial amillərin insanın qocalma prosesinə necə təsir edə biləcəyi barədə yeni və əhəmiyyətli məlumatlar təqdim edir.

 

Seçilən
32
azertag.az

1Mənbələr