Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin şaxələndirilməsi bütövlükdə müsbət hal kimi dəyərləndirilməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib.
Ekspertin sözlərinə görə, fondun daha çox real sektorla bağlı istiqamətlərə prioritet verməsi, dayanıqlı iqtisadi dividendlərin əldə olunması baxımından önəmlidir.
“Fondun real sektora, xüsusilə də əlavə dəyər formalaşdıran sahələrə yönəlməsi iqtisadi baxımdan məqsədəuyğundur”, - deyə o bildirib.
Ekspert qeyd edib ki, Avropada, o cümlədən İtaliyada alternativ enerji generasiyası prioritet istiqamət hesab olunur və bu sahədə iqtisadi göstəricilərin artması müşahidə edilir: “Bu kontekstdə Dövlət Neft Fondunun “Enfinity Global” şirkəti ilə əməkdaşlıq çərçivəsində İtaliyada alternativ enerji generasiyasına yatırımlar etməsi fondun iqtisadi göstəricilərinə müsbət təsirlər vəd edir”.
Elşad Məmmədov vurğulayıb ki, gələcəkdə fondun daha çox məhz real sektora aid əlavə dəyər formalaşdıran istiqamətlərə yatırımlar etməsi zəruridir.
““Enfinity Global” ilə əməkdaşlıq bu baxımdan məqsədəuyğun hesab edilə bilər. Bu cür investisiyalar həm fondun investisiya portfelinin şaxələndirilməsinə və effektivliyinə, həm də real sektora yönəlmiş portfelin genişlənməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, fondun iqtisadi göstəricilərinin dayanıqlığa və davamlılığa yönəlməsinə şərait yaradacaq”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, bu investisiya, ARDNF-in uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə Avropa regionunda coğrafi diversifikasiya, sabit, proqnozlaşdırıla bilən və inflyasiyaya uyğunlaşdırılmış gəlir mənbəyi (PPA əsasında olduğu üçün) yaratmaqla yanaşı, eyni zamanda, qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir. Sözügedən investisiya ARDNF-yə uzunmüddətli real aktivlər sahəsində mövqeyini daha da möhkəmləndirməyə, infrastruktur portfelini genişləndirməyə və ən vacib bazarlardan birində iştirakını dərinləşdirməyə imkan verir.
ARDNF ilə “Enfinity Global” şirkəti arasında imzalanan müqaviləni şərh edən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, bu müqavilə çox əhəmiyyətli bir hadisədir və sözügedən investisiya bir neçə aspektdən fondun gəlirlərinə və onun beynəlxalq mövqeyinə mühüm təsir göstərəcək.
“Belə ki, ARDNF-in gəlirlərinə mümkün təsirləri nəzərə alsaq, ilk öncə diversifikasiyalı sabit gəlir axını olacaq. Çünki həmin şirkət Avropa bazarında da sabit gəliri formalaşan infrastruktura malikdir. Digər tərəfdən fond bu investisiya ilə real aktivlər portfelinə davamlı inflyasiyaya qarşı qoyma gəlir mənbəyi əlavə edir. Həmçinin gəlirlərin neft qiymətlərindən daha az asılı olduğu bir mənbə hesab edilə bilər ki, bu da gələcəkdə volatilliyi azaltmasına, maliyyə sabitliyini artırmasına təsir edəcək”, - deyə o qeyd edib.
E.Kərimlinin sözlərinə görə, digər bir tərəfdən avro ilə büdcəyə gəlirlər, vəsaitlər daxil olacaq ki, bu da fondun valyuta səbətinin diversifikasiyalaşmasına, yəni fərqlənməsinə təsir edəcək: “Həmçinin Avropa şirkətlərinin cəlb edilməsində ARDNF etibarlı tərəfdaş və investor kimi çıxış edəcək. Bu da sözsüz ki, Neft Fondunun imkanlarını genişləndirir və beynəlxalq statusumuzu artırır.
Bundan əlavə, ARDNF qlobal real aktivlər bazarında daha güclü mövqeyə sahib olur və tanınır. Həmçinin Azərbaycan investisiya ixrac edən ölkə imicində formalaşır ki, bu da gələcəkdə xarici investisiyaların axınına daha müsbət təsir edə bilər”.