“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov dünən Xorvatiya təmsilçisiylə ev oyununa həsr olunan mətbuat konfransında bu ifadələri də dilə gətirdi:
“Bütün klubların azarkeşlərinə səslənirəm: işləri yoxdusa, gəlsinlər, bizə dəstək olsunlar”.
Bəs premyer-liqa klublarının fanklubları mütəxəssisin çağırışına hay verəcəkmi? Bu sualla matçın keçiriləcəyi “Neftçi Arena”ya təşrif buyurmaq ehtimalı yüksək olan azarkeş qruplarına müraciət etdik.
Səccad Abbasov (“Forza Neftçi”nin rəhbəri):
“Biz “Forza Neftçi”yik, “Forza Zirə” deyilik. Rəşad Sadıqova “Neftçi”li kimi hörmətimiz sonsuzdu. Amma bəzi şeylər müqəddəsdi və onlara toxunmaz olmaz”.
Elnur Quliyev (“İmarət Tayfa”nın üzvü):
“Rəşad Sadıqov kapitanımız olub. Onu çox istəyirik. Şəxsiyyətli, vətənpərvər və hörmətli adamdı. “Zirə” də yerli klubdu. Lakin “Zirə”ni fanklub kimi dəstəkləmək düzgün deyil. Bu, bütün rəqiblərimizə şamil olunur. Fanklub üzvləri fərdi şəkildə stadiona yollanacaq və təmsilçimizi dəstəkləyəcək. Onu da deyim ki, sayları çox olacaq”.
Sənan Mirzəyev (“Kimyaçılar”ın rəhbəri):
“Rəşad Sadıqovu və komandasını canla-başla dəstəkləmək istəyərdik. Lakin çağırışından gec xəbər tutduq. Yoxsa hazırlığımızı görüb stadionda olardıq. “Zirə” mərhələ adlasa, növbəti ev matçında stadionda olmağa çalışacağıq”.
KƏNAN BAHADIR