İspaniyanın “Osasuna” klubunun sağ cinah müdafiəçisi Xesus Areso bundan sonra La Liqanın digər təmsilçisi “Atletik”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Bilbao klubunun rəsmi saytına istinadən xəbər verir.
“Atletik” bu transferi 12 milyon avroya rəsmiləşdirib. 26 yaşlı ispan futbolçu yeni klubu ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xesus Areso “Osasuna”nın öz yetirməsidir. “Atletik” onu 2017-ci ildə 450 min avro müqabilində heyətinə qatsa da, müdafiəçi 2021-ci ilin yayında azad agent kimi yenidən “Osasuna”ya qayıtmışdı. O, 2022-ci ildə “Burxos”da icarədə də olub.
Areso “Osasuna”nın əsas komandasında 86 oyun (1 qol, 11 assist) keçiribsə, “Atletik”də yalnız gənclərdən ibarət kollektivlə çıxış edib.
İspaniyanın U-18 və U-19 yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.