Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri
Sənədsiz evlərin qeydiyyatında yenilik: 15 gün ərzində araşdırma və şəffaflıq təmin ediləcək* Azərbaycan Prezidentinin təsdiqlədiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər sənədsiz evlərin qeydiyyatında uzun müddətdir gözlənilən irəliləyişi təmin edir. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpaq kateqoriyasının dövlət torpaq kadastrındakı məlumatları uyğun gəlmədikdə, qeydiyyat orqanları 15 iş günü ərzində yerquruluşu sənədlərini araşdırmalı və qərar qəbul etməlidir. Qiymətləndiricilər Cəmiyyəti Sədri Vüqar Oruc Referans-aaçıqlamasında bildirir ki, ölkədə yüz minlərlə sənədsiz ev ciddi problemlər yaradıb. “Bu yeni qaydalar bürokratik süründürməçiliyi minimuma endirəcək, vətəndaşların müraciətlərinə cavab müddətini 15 iş gününə endirməklə həm vaxt itkisini, həm də məmur özbaşınalığını aradan qaldıracaq,” – deyə Oruc qeyd edir. O, əlavə edir ki, indiyədək bu prosesdə uzun illər uzanan gecikmələr və qeyri-müəyyənlik vətəndaşların hüquqlarını ciddi şəkildə məhdudlaşdırırdı. “Yeni qanunla dövlət orqanları məsuliyyət daşıyır və bu da vətəndaşların hüquqlarının qorunmasına güclü zəmin yaradır. Artıq ev sahibləri sənədləşmə sayəsində ipoteka, alqı-satqı, miras və digər hüquqi imkanlardan tam yararlana biləcək,” – deyə vurğulayır. Vüqar Oruc sənədsiz evlərin qeydiyyatı ilə bağlı digər vacib məsələlərə də toxunur: “Əmlak reyestrinin formalaşması ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Çünki sənədləşmə olmayan əmlaklar iqtisadiyyata daxil ola bilmir. Bu dəyişikliklər kredit bazarına çıxış, əmlakın qiymətləndirilməsi və ümumilikdə daşınmaz əmlak bazarının şəffaflaşması baxımından əhəmiyyətlidir.” Orucun sözlərinə görə, dövlətin üzərinə düşən vəzifələrdən biri də kütləvi inventarizasiya və sənədləşmə proqramlarının tətbiqidir: “Bu sahədə qonşu ölkələrin təcrübəsi, məsələn, Rusiyada və Türkiyədə aparılan kütləvi sənədləşmə proqramları bizə nümunə ola bilər. Azərbaycanda isə bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulması və abliklərin kütləvi qeydiyyatı çox vacibdir.” Eyni zamanda ekspert kütləvi amnistiyanın tətbiqinin də problemlərin həllinə ciddi dəstək verəcəyini bildirir: “Bir çox evlər qeyri-müəyyən torpaq kateqoriyalarında yerləşir. Bu evlərin qanuniləşdirilməsi üçün amnistiyanın tətbiqi yüz minlərlə vətəndaşın sənədləşmə prosesini sürətləndirə bilər.” Vüqar Oruc həmçinin vətəndaşların hüquqları barədə maarifləndirilmənin artırılması zərurətinə diqqət çəkir: “Rayonlarda treninqlər, seminarlar və media vasitəsilə geniş maarifləndirmə aparılmalıdır ki, vətəndaşlar öz hüquqları və sənədləşmə qaydaları barədə tam məlumatlı olsunlar. Bu, həm də ölkədə hüquqi savadlılığın yüksəlməsinə xidmət edəcək.” Nəticədə, qanuna edilən son dəyişikliklər yalnız sənədsiz evlərin qeydiyyatında şəffaflığı artırmır, həm də vətəndaşların hüquqlarını təmin etməklə, ölkədə daşınmaz əmlak bazarının inkişafına, iqtisadiyyatın güclənməsinə və sosial ədalətin təmin olunmasına mühüm töhfə verir. Gülgəz Qədirova Referans