AZ

Ağdam – dünən işğal, bu gü inkişaf!


23 iyul 1993-cü il tarixində Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı günüdür. İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kur-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xacın çayları axır. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində quran Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin uzərinə düşüb.
Şuşa və Laçının işğal altına düşməsi AXC-Müsavat cütlüyünün xəyanəti, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı. Kəlbəcər 1993-cü ilin aprelində işğal olundu. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə yaşananlar yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması pik həddə çatmışdı. Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalını sürətləndirirdi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətlərini qorumaq üçün Gəncəni bombalayırdılar.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Bəli, Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Qarabağ bizimdir. Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.

Mətləb Salahov

Seçilən
62
baki-xeber.com

1Mənbələr