Şakir Ağayev: “Qalib ölkənin mətbuatı Azərbaycan həqiqətlərini dünyaya, beynəlxalq arenalara çatdırmalıdır”
22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli şəkildə qeyd edildi. Dövlət başçısı İlham Əliyevin 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edib.
Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulan milli mətbuatımızçətin və şərəfli yol keçərək bu gün qalib Azərbaycanın uğurlarının təbliğində, informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında üzərinə düşən missiyanı uğurla yerinə yetirir.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb. Müraciətdə Milli Mətbuatın 150 illik yubileyinin ərazi bütövlüyü və süverenliyimizin bərpası şəraitində qeyd edildiyi xüsusi olaraq vurğulanıb. Maraqlıdır, bu amil milli mətbuat tarixində necə rol oynayacaq vəmilli mediamızın dünya informasiya şəbəkəsində yerinə necə təsir edəcək?
“Yerli media feyk xəbərlərə, Qərbin sifarişilə yayılan yalan informasiyalara cavab verir və verəcək”
"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısının Milli Mətbuatın 150 illiyi ərəfəsində III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycan milli mətbuatı, jurnalistlər üçün böyük məsuliyyətdir: “Böyük şərəf, uğurdur ki, Milli Mətbuatın 150 illiyini Azərbaycanın ərazi bütövlüyü, suverenliyi şəraitində qeyd edirik. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artırsa, milli mətbuatın da şöhrəti, nüfuzu yüksəlir. Bu böyük işdə Azərbaycan mətbuatının rolu danılmazdır. Prezident İlham Əliyevin məlum müraciətdə qeyd etdiyi fikirlər bizim qarşımızdaböyük məsuliyyət qoyur. Milli mətbuat qalib Azərbaycanı təmsil edir. Onu da deyim ki, yerli media feyk xəbərlərə, Qərbin sifarişilə yayılan yalan informasiyalara cavab verir və verəcək. Qalib ölkənin mətbuatı Azərbaycan həqiqətlərini dünyaya, beynəlxalq aneranalara çatdırmalıdır. Biz bu istiqamətdə daha çox işlər görməliyik, ölkəmizi daha çox tanıtmalıyıq. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr daha uğurlu şəkildə həyata keçirilməlidir. Azərbaycan mətbuatı bunun öhdəsindən layiqincə gələcək”.
Günel CƏLILOVA