VÇK-OQPU adlı Teleqram kanalı məlumat yayıb ki, Moskvada yaşayan, erməni pasportu daşıyan milyarder Samvel Karapetyan özünü elə bir oyunun içində tapıb ki, bunu “Santa-Barbara” serialının ssenaristi belə yazmazdı.
Redaksiya xəbər verir ki, Rusiya dövlət mediası Karapetyanın Ermənistan hökumətinə qarşı arbitraj məhkəməsində qalib gəldiyini iddia edən xəbərlərlə doludur. Guya Stokholm arbitrajı “Elektrik Şəbəkələri Ermənistan” işi üzrə Karapetyanın xeyrinə qərar çıxarıb və Ermənistan təzminat ödəməlidir. Amma bu hay-küyün arxasında daha mürəkkəb bir reallıq var.
Ermənistan Nyu-York Konvensiyasına qoşulsa da, bu sənədi bəzi şərtlərlə tanıyır. Əgər arbitraj qərarı ölkənin milli təhlükəsizliyi və ya strateji sahələrinə ziddirsə, hökumət onu sadəcə tanımaya bilər. Energetika kimi bir monopoliyanın isə məhz bu kateqoriyaya aid olduğu şübhəsizdir. Paşinyan həmin qərarı yerinə yetirməsə, bu nə konstitusiyaya, nə də ölkə suverenliyinə zidd sayılmayacaq.
Bu arada, Rusiya mediası məsələni “biznesin zəfəri” kimi şişirdir. Niyə? Çünki Samvel Karapetyan hələ də çox varlıdır, sadəlövhdür və hər şeyə görə pul ödəməyə hazırdır. Vəkillərə, vasitəçilərə, PR firmalarına… O inanır ki, tezliklə azad olunacaq və Ermənistanın gələcək liderinə çevriləcək.
Əslində isə onu sadəcə “soyurlar”. Kreml komandası, o cümlədən Sergey Kiriyenko, Karapetyanın “Taşir” imperiyasının çöküşünü özləri üçün gəlir mənbəyinə çeviriblər. Karapetyan isə həbsxanada “erməni Trampı” olmağı xəyal edərkən, Moskvada onu bahalı yaxtalar, ofşorlar və “Fora-Bank”la birlikdə karikatura oliqarx kimi təqdim edirlər.
Ən ironik məqam isə budur ki, vaxtilə offşor sxemlərlə işləməyi sevən Karapetyan indi Kipr–Ermənistan sərmayə müqaviləsinə istinad edərək öz aktivlərini qorumağa çalışır. Effekt sıfırdır. Amma bu cəhd Rusiya xüsusi xidmət orqanları və hüquq-mühafizə qurumlarına “Taşir”in pullarını bir də araşdırmaq üçün bəhanə verir.
Nəticə sadədir: Stokholm Strasburq deyil, PR reallıq deyil, Samvel isə Tramp deyil. Bu, sadəcə pullar uğrunda gedən siyasi ticarətdir. Ermənistanda elektrik şəbəkəsi üstündə, Moskvada isə qalan nə varsa, onun üstündə.
Sevinc Kərimova