AZ

Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...


Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Birləşmiş Ştatların bu ölkədəki səfiri Kristina Kuinn ilə regional vəziyyəti müzakirə edib.

Mətbuata açıqlamada bildirilib ki, görüşdə tərəflər regionda kommunikasiyaların blokadadan çıxarılması imkanlarını da nəzərdən keçiriblər. Son məlumatlara görə, ABŞ Azərbaycanla onun Naxçıvan eksklavı arasında Ermənistanın Sünik bölgəsindən keçən vacib Zəngəzur dəhlizinin onun idarəçiliyinə verilməsi təklifi verib.

Ermənistanın baş nazir Nikol Paşinyan da bu günlərdə qeyd edib ki, məsələ yolun mülkiyyətə verilməsi ilə bağlı deyil, onun idarə olunması və istismarı üçün investisiya cəlb edilməsi mexanizmlərinin yaradılmasındadır. Baş nazir qeyd edib ki, bu model artıq Ermənistanda mövcuddur – məsələn, “Zvartnots” hava limanı, su təchizatı sistemi dövlətə məxsus olaraq qalır, lakin onların idarəsi müxtəlif şirkətlərə həvalə olunub. Paşinyan bildirib ki, qanunvericiliyə görə, bu tip müqavilələr tikinti hüququ əsasında həyata keçirilə bilər. Müqavilə müddəti başa çatdıqdan sonra həmin obyektlər və ya sərmayələr Ermənistan Respublikasının mülkiyyətində qalır və ya ona keçir. Paşinyan qeyd edib ki, yolun idarəsi ilə bağlı müxtəlif ideyalar müzakirə olunur, lakin, hələlik, heç bir yekun razılaşma yoxdur: “Bəli, ABŞ-dan təkliflər almışıq. Ermənistan təkcə ABŞ-dan deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. Bu təkliflər cəmiyyətə birbaşa və ya dolayı yolla müxtəlif kanallarla çatdırılır. Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır”. Daha əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib. Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb. Amma indi məsələ yenidən aktuallaşıb. Ermənistanda fikirlər səslənir ki, Azərbaycan artıq Zəngəzur dəhlizi məsələsində də öz istəyinə çatır. Ölkə parlamentindəki “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan qeyd edir: “Əliyev və Paşinyanın iddiaları belə bir təəssürat yaradır ki, yolların açılması ilə bağlı danışıqlar dəhliz məntiqi mərhələsinə, yəni Azərbaycan liderinin tələb etdiyi yolla keçib, Paşinyan isə geri çəkilib.Bunu hər iki tərəfin təsdiq etdiyi, ya da ən azı inkar edilməyən faktiki reallıqlar göstərir. Bir tərəfdən Ermənistana düşmən olan ölkənin fikrinə güvənməyi düzgün hesab etmirəm, digər tərəfdən isə Ermənistan hakimiyyətinin yanaşmaları etimad yaratmır, çünki 2018-ci ildən bu hakim qüvvə dövlətin sükanı arxasına keçdikdən sonra çoxsaylı bəyanatlar verilib, o cümlədən Ermənistan-Azərbaycan xarici siyasəti, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı vaxtaşırı nümayiş etdirdiyi bəyanatlar. Ermənistan hakimiyyətinin prinsipial elan etdikləri yanaşmaları saxlamadığını, Azərbaycanın mövqeinin qəbul olunduğu özünü göstərib”.

Ermənistan və Azərbaycan liderlərinin bəyanatları onların heç bir məsələdə razılığa gəlmədiyi təəssüratını yaradır. Bu o deməkdirmi ki, bu məsələ dalana dirənib? Hakim komandanın üzvü, parlamentin xarici əlaqələr komitəsinin üzvü Hasmik Akopyanda belə təəssürat yoxdur: “Bu o deməkdir ki, danışıqlar davam edir. Heç kim bunun asan olacağını deməyib, bütün bunlar o deməkdir ki, hələ də proses davam edir. Bizim yanaşmalarımız var, Azərbaycan tərəfinin öz yanaşmaları var. Hər iki tərəf üçün məqbul olan həll yolu tapana qədər davam edəcəyik”. Yuxarıda qeyd olunduğu kimi ABŞ Zəngəzur dəhlizini icarəyə götürməyi təklif edib, Nikol Paşinyan təsdiqləyib ki, onlar yolun üçüncü tərəfə verilməsini müzakirə edirlər. Tiqran Abramyanın fikrincə, bu, suverenlikdən imtina etmək və həlli Azərbaycanın istəkləri istiqamətində hərəkət etdirmək deməkdir. Müxalifətçi deputatın sözlərinə görə, Paşinyan özünün elan etdiyi qırmızı xətləri müdafiə edə bilmir: “Əslində, Ermənistan hakimiyyətinin Ermənistan sektorunda özəl logistika təşkilatına autsorsinglə bağlı ən azı müzakirələrin getdiyini təsdiqləməsi mahiyyətcə bu məsələdə prinsiplərdən geri çəkilmənin olduğunu göstərir”. Hökumət üzvü Hasmik Akopyan müxalifətçi deputatla razılaşmır. Onun sözlərinə görə, Nikol Paşinyan nəinki geri çəkilməyib, həm də Ermənistan-Azərbaycan danışıqlarında, sülh müqaviləsi, sərhədlərin demarkasiyası və hətta yolların açılmasında da uğurlu olub: “Biz qətiyyətliyik və həmişə bu yolda əldə etdiyimiz nailiyyətləri, bəzi hallarda böyük, bəzi hallarda kiçik, yekun, belə demək mümkünsə, təsdiq edilmiş qərarlarımız olana qədər elan etmək istəmirik”. Tiqran Abramyan isə məsələyə belə yanaşır: “Görünür, hakimiyyət bir tərəfdən həm ölkə daxilində, həm də xaricdə dolaşan qondarma dəhliz terminologiyasının kəsilməsinə cəhd edir, digər tərəfdən isə hazırda həm təbliğat, həm də siyasi müstəvidə müəyyən hazırlıq işləri aparır, tənqidlərə, bəlkə də etiraz dalğasına müqavimət göstərməyə çalışır ki, bu dəhliz məntiqi vəziyyəti yaradacaq. Azərbaycan və Ermənistan liderləri Ermənistandan keçən yolda nəzarət, icarə və digər məsələlərdən danışırlar. Azərbaycandan keçən yolun Ermənistan üçün necə olacağına gəlincə, Paşinyan bu barədə danışmır. Əliyev birbaşa deyir ki, Azərbaycan öz ərazisindən keçən hissəyə nəzarət edəcək, üçüncü tərəf olmamalıdır”.

Ramil QULİYEV

Seçilən
49
baki-xeber.com

1Mənbələr